​Ruslar getdikdən sonra baş verən hadisələr... - “Bütün bunlar mənə təxribat kimi görünür”

Baxış sayı:
5374

Tanınmış hüquqşünas, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, Respublikaçı Alternativ Hərəkatının (ReAl) İdarə Heyətinin keçmiş üzvü Erkin Qədirli özünün Facebook səhifəsində ölkədə baş verən enerji böhranı və Gəncənin icra başçısı Elmar Vəliyevə hücumla bağlı status paylaşıb:
“Mən "qəza"ya inanmıram. Qəzalar əvvəllər də olub, amma belə nəticələr olmayıb. Texniki baxımdan (görüntü olaraq) qəza ola bilər, amma qəza öncədən planlaşdırılmış da ola bilər.
Elektrikin kəsildiyi günlərdə Ordumuzun genişmiqyaslı təlimləri başlamışdı. Təsadüf? Ola bilər. Daha sonra, Prezidentin qızı, Leyla Əliyeva'nın doğum günü idi. Yenə təsadüf? Ola bilər. Yaxın günlərdə Prezident Brüsselə gedəcək və orada enerji təhlükəsizliyi (!!!) mövzusunda danışıqlar aparacaq. Bu qədər təsadüf olar? Bilmirəm, amma bütün bunlar mənə təxribat (diversiya) kimi görünür.
Gəncə İcra Başçısına süi-qəsdin arxasında da nə desəniz ola bilər. Gəncə çox önəmli şəhərdir, həssaz bölgədir, cəbhəyə yaxındır, Cümhuriyyətimizin ilk paytaxtıdır və s. Orada qarışıqlıq salmaq istəyə bilənlərin sayı az deyil. Araşdırmaq gərəkdir.
Hökumət, güman ki, gerçək səbəbləri açıqlamayacaq. Həqiqətin ziyanlı tərəfləri ola bilir. Təmkinli olmalıyıq”.
Maraqlıdır ki, Erkin Qədirliyinin dolayısı ilə təxribat ehtimalına önəm verdiyi hər iki hadisə - enerji böhranı və E.Vəliyevə silahlı hücum - həm də Rusiya deputatları və ziyalılarının ölkəmizə səfərindən dərhal sonra baş verdi. O cümlədən, həmin ərəfədə ölkəmizdə Türkiyə və Azərbaycan ordusu birlikdə hərbi təlim də keçirirdi. Üstəlik, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk rəsmi səfərini Azərbaycana etməlidir...
E.Qədirli demiş, bu qədər təsadüf?
Muxalifet.az