Tanınmış azərbaycanlının klubunda erməni konserti... - AÇIQLAMA

Baxış sayı:
6151

Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etməsi ilə bağlı informasiya araşdırılır.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat İnformasiya və Analitik Təhlil Şöbəsinin müdiri Aqil Əsədov deyib. O, məsələnin araşdırılması üçün Belarusdakı diaspor üzvlərinə müraciət etdiklərini bildirib:
“Adıçəkilən Baxşı Qəmbərovun Diasporla İş üzrə Dövlət Komitəsi ilə hər hansı bir əlaqəsi yoxdur. B.Qəmbərov orada uzun müddətdir ki, Belarusda iş adamı kimi çalışır. İnformasiyanın dəqiqləşdirilməsi üçün Belarusda diaspor fəaliyyəti ilə aktiv məşğul olan jurnalistlərlə əlaqə saxlamışıq. Hələlik bu barədə heç bir informasiya verilməyib”.
Qeyd edək ki, bundan əvvəl "Zerkalo” qəzetinin keçmiş əməkdaşı, Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyev Feysbukda Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etdiyini yazıb. M.Hacıyev bildirib ki, klubda Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyulub.