TÜRKİYƏ MÜDAFİƏ SƏNAYESİNİN ƏN BÖYÜK İXRACI:dörd hərbi gəmi yeni müqavilələr üçün qapıları açır

Baxış sayı:
5761

Bu yaxınlarda Türkiyə Pakistanı dörd hərbi gəmi ilə təchiz etmə tenderinin qalibi olub. Müdafiə naziri Nurəddin Canikli iyulun 5-də verdiyi açıqlamada müqavilənin Türkiyənin müdafiə sənayesinin tarixində ən böyük ixrac razılaşması olduğunu söyləyib.

Canikli bildirib ki, Türkiyə və Pakistan iki korveti İstanbul tərsanəsində, digər ikisinin isə Karaçi şəhərində inşa ediləcək.

Müzakirələr altı ay davam etmiş dörd gəmi – (uzunluğu 99.5 metr) “Ada” tipli korvetlər “MILGEM (National Ship)” layihəsi çərçivəsində müxtəlif missiyalar üçün nəzərdə tutulur.

Türkiyənin müdafiə sənayesi bir neçə ildir kiçik dəniz gəmilərini satır. Yonca-Onuk tərsanələrində istehsal olunan patrul gəmiləri artıq neçə ildir ki, Gürcüstanda, Misirdə, Malayziyada, İndoneziyada və Qətərdə istifadə olunur. “Dearsan Shipyard” isə Türkmənistana 10 “Tuzla” patrul gəmisini satıb. Ancaq bu günə qədər Türkiyə “ MILGEM” sinfindən olan gəmilərini satmağa müvəffəq olmamışdı.

Yaxın Şərq ölkələri, bir qayda olaraq, Fransa, İtaliya və ABŞ tərsanələrinə üz tutur. “MILQEM” korvetləri üçün etibarlı müştəri sayılan Səudiyyə Ərəbistanı son anda ABŞ-ın “Lockheed Martin Corp”-dən döyüş gəmilərini almaq qərarına gəlib. Türkiyənin yaxın müttəfiqi Qətər isə keçən il yeddi italyan “Fincantieri” korveti alacağını təsdiqləyib.

Pakistanın “MILGEM” seçimi sürpriz deyil. Pakistan və Türkiyə müdafiə sənayesi əməkdaşlığı son bir neçə ildə böyük irəliləyişlərə imza atıb. İlk əhəmiyyətli addım Türkiyənin “STM“ şirkəti ilə, Fransanın hazırladığı “Agosta 90B” sualtı qayıqlarını modernləşdirməklə bağlı müqavilədir. “STM” də Pakistan donanması üçün logistik dəstək gəmisi inşa edib. Bundan əlavə, may ayında Türkiyə Pakistanla 30 “T129” hücum helikopterinin satışı ilə əlaqədar müqavilə imzalayıb.

Adının çəkilməsini istəməyən bir türk dəniz eksperti “əl-Monitor”a deyib ki, Pakistanla müqaviləsinin ən vacib cəhəti Türkiyə müdafiə sənayesinin böyük bir bazara daxil olmasıdır. “Türkiyə, Qərb istehsalçısı kimi, böyük mənfəət qazana bilməz, ancaq bu günə qədər kiçik patrul gəmilərini satdıqdan sonra psixoloji astananı adlayıb. Bu korvetlərin necə təchiz olunacaqlarını hələ bilmirik, amma bilirik ki, Pakistan öz müdafiə sənayesini inkişaf etdirməyə çalışır”.

Pakistan razılaşmasının maliyyə aspektləri hələ də məlum deyil. Türk mətbuatı müxtəlif rəqəmlərdən istifadə edir, lakin məsrəflər 1,2 milyard dollardan 1,5 milyard dollara qədər çıxacaq.

“Bosphorus Naval News” veb-saytının dəniz eksperti və redaktoru Devrim Yaylalı “əl-Monitor”a bildirib ki, “belə böyük hərbi müqavilələr üçün yaxşı məhsul və istəkli bir alıcıya sahib olmaq kifayət deyil. Bəzən maliyyə imkanlarını genişləndirməklə, alıcıya dəstək verməlisiniz, yəni sağlam iqtisadiyyata və beynəlxalq kredit incəliklərini anlamağa ehtiyac duyduğundan Türkiyə doğru yolda görünür. Türkiyənin ən yaxşı mənfəəti kompleks maliyyə sazişlərinin həyata keçirilməsi ola bilər”.

“MİLGEM” sinfindən olan gəmilərin layihələndirilməsi, istehsalı və istismara verilməsi müntəzəm döyüş gəmisindən çox fərqlidir. Normalda mülki tərsanələr gəmilərin dizaynını hazırlayır və onları döyüş donanmalarına satırlar. Lakin “MILGEM”in dizaynı, istehsalı və istismarı bütünlüklə Türkiyə donanmasına aiddir. Bu layihənin inkişafını sadələşdirir, lakin bəzi problemlər də yaradıb.

Misal üçün, “MILGEM” layihəsi kimə məxsusdur? “Gowind” sinfi Fransanın “Naval Group” şirkəti tərəfindən layihələndirilir, istehsal olunur və satılır. Həmçinin Almaniyanın “TKMS” (ThyssenKrupp Marine Systems) şirkəti “MEKO” sinfindən olan gəmiləri. Əgər hansısa xarici dövlət “MILGEM” gəmisini almaq istəyirsə, kimə üz tutmalıdır? Pakistanla imzalanan razılaşma ilə ən azı bir cavab var: Türkiyənin dövlət nəzarətində olan “ASFAT A.Ş.” şirkətinə”.

“ASFAT”ın 30-a yaxın hərbi zavod və tərsanəsi var.

Bununla yanaşı, Türkiyə hərbi sinif gəmiləri üçün istehsal gücünü genişləndirməlidir. İlk iki gəmi İstanbul tərsanəsində inşa ediləcək. Yaylalı bildirib ki, gəmiqayırma zavodunun bir istehsal xətti var. Pakistanla imzalanmış sazişdə bu korvetlərin təhvil-təslim tarixinə dair bir şey söylənməyib.

Müdafiə analitiki Arda Mevlutoğlunun fikrincə, müqavilə Türkiyənin müdafiə sənayesinin davamlılığının təmin edilməsində və ölkənin xronik iqtisadi problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq. Uğurlu olmaq üçün Türkiyə yalnız müxtəlif platformalar, kompleks elektron müharibə və komanda nəzarət sistemlərini inkişaf etdirməməli, həm də onları son istifadə tələblərinə də cavab verməlidir.

“MİLGEM” Türk müdafiə sənayesinin ən əhəmiyyətli layihəsidir və bir dönüş nöqtəsi olacaq”, – deyən Mevlütoğlunun fikrincə, “MILGEM”in ixracatı ilə Türkiyə müdafiə sənayesi mühüm səddi aşıb. 2008-ci ildə ilk “MILGEM” sinfindən olan gəminin – “Heybeliada”nın suya buraxılması Türkiyə donanmasının uğuru olub. İndi Pakistana ixrac bu sektorun dünya bazarlarına kompleks platformaları təşviq etmək üçün yetkinliyə çatdığını göstərir.

Lakin Mevlütoğlu Türkiyənin mühüm xarici altsistemlərdən asılılığına diqqət çəkib. “MILGEM”-in əsas komponentləri – ilk növbədə, mühərrikləri – ABŞ və Avropadan əldə edilir. Türk bazarı və ixrac bazarı üçün istehsal bu sistemlərin istehsalçıları ilə əlaqələrdən asılıdır. Buna görə yerli mühüm alt sistemlərin sürətlə istehsal edilməsi zəruridir”.

Nəhayət, bu layihənin bir gəmisi Türkiyənin dəstəyi ilə Pakistanda dizayn və istehsal olunacaq. Bu “nou-hau”nun təhvil-təslimi ilə Cənubi Amerika bazarını “MILGEM” sinfilə nüfuz etmə Türkiyənin böyük mənfəətidir. Belə ki, Kolumbiya və Braziliya ilə artıq müzakirələr aparıldığı söylənilir.

Tərcümə: Strateq.az