Vəkillər Kollegiyasının sədri: “Gəncəlilər dövlətə qarşı olanları heç vaxt bağışlamayacaq”

“Bu gün Gəncədə Azərbaycanın milli dövlətçiliyinin, demokratik dünyavi dəyərlərin, Cümhuriyyət ənənələrinin keşiyində duran və qəhrəmancasına şəhid olan polis zabitlərinə Allah rəhmət eləsin. Onların belinə bıçaq zərbəsi vuranlar isə əslində milli dövlətçiliyimizin beşiyi və Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncənin belinə zərbə vuran, millətimizə və bütün türk dünyasına düşmən mövqedə dayanan, məqsədləri ölkəmizdə xaos yaratmaq olan xarici qüvvələrin sifarişini yerinə yetirən antimilli ünsürlərdir”.
Musavat.com-un məlumatına görə, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz facebook profilində yazıb.
A.Bağırov bildirir ki, Gəncə milli dünyavi dövlətçiliyimizin rəmzidir: “Ona qarşı olanlar isə Azərbaycan xalqının, Türk dünyasının və gəncəlilərin qatı düşmənləridir! Bu qara qüvvələr birdəfəlik anlamalıdırlar ki, əsl gəncəlilər heç vaxt dövlətə və dövlətçiliyə qarşı olanları bağışlamayacaqlar”.