ABŞ-ın Azərbaycandakı səfir postu üç aydır boşdur

Baxış sayı:
1957

“Görünür, Bakı ilə Vaşinqton arasında hələ razılaşdırılmayan ciddi məsələlər var”

Artıq 3 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Məsələnin hətta müzakirəsinin belə getdiyi haqda heç bir rəsmi açıqlama verilmir.

ABŞ prezidentinin son iki ayda ard-arda 3 dəfə Azərbaycan prezidentinə məktub yazması, seçkilərdən sonra təbrik etməsi belə mənzərə yaradır ki, Azərbaycan iqtidarı ilə münasibətlər pis deyil. Belə olduğu halda hələ də Azərbaycana səfir göndərilməməsi suallar yaradır.

Müxalifət düşərgəsi yaranmış vəziyyəti Vaşinqton-Bakı münasibətlərinin göstərici sayırmı?

VİP sədri Əli Əliyev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ prezidentinin məktubları Amerika maraqlarına söykənir: “Məktubun mətnində dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi niyyəti bildirilirdi. O biri müraciətlərdə də təxminən eyni məqsəd göstərilirdi. ABŞ prezidenti dünən həm də köməkçisi vasitəsilə Putinlə təkbətək görüşü haqda da razılığa gəlib. Bu ziyarətlərin məqsədi İrandır. Tramp ilk gündən İsrailə açıq dəstək ifadə edir. Obamanın imzaladığı nüvə sazişindən də ABŞ-ın çıxması İsrailin istəyi ilə baş tutub. Qüdsün paytaxt elan olunması, ABŞ səfirliyinin ora köçürülməsi bu qəbildən olan hadisələrdəndir.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

İndi də proses davam etməkdədir. İranın sanksiyalara məruz qoyulacağı yüksək tribunalardan səsləndirilir. İran neft sektorunun blokadaya alınma təhlükəsi hasilatın azalmasına, valyutanın bahalaşmasına gətirib. İran rialı rəsmən 4500 civarında olsa da, qara bazarda dəyəri 8700-ü ötüb. Narazılığın səviyyəsi gündən-günə yüksəlir. Bunların hamısı xarici təhdidin fonunda baş verir. Azərbaycan və Rusiya İranın yaxın qonşularıdır. Bizə yazılan məktubların pərdəarxası məqsədi İranın təklənməsində iştirakımızın istənilməsidir. Düzü, belə təhlükəli oyunlarda iştirak heç gücümüzə mütənasib deyil. İstəməzdim ki, belə nəhəng tərəflərin hədəfinə gələk. Görünür, Azərbaycanla ABŞ arasında hələ razılaşdırılmayan ciddi məsələlər var. Məhz bu məsələlərə görə səfir təyinatı yubanır".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, ABŞ hökuməti ilə Azərbaycan iqtidarı arasında hələ lap əvvəldən gözəl münasibətlər olub: “Bu münasibətlər Azərbaycandakı insan haqları və demokratiyanın vəziyyətinin nə qədər ağır olmasından asılı olmayaraq bütün dönəmlərdə yaxşı olub. Müxalifətin Qərb və Amerikaya ümidlərinin olmasına baxmayaraq bu ölkələr hər zaman beynəlxalq dəyərlərdən öndə öz maraqlarını tutublar. Biz AĞ Partiya olaraq bunu bəyan edəndə elə öz müxalifətimiz tərəfindən müxtəlif tənqidlərə məruz qalırıq. Əslində istər Amerika, istərsə də Avropa üçün özlərinin siyasi, iqtisadi maraqları Azərbaycandakı demokratiya maraqlarından çox öndədir. Odur ki, biz seçkidən öncə də qeyd edirdik ki, İlham Əliyevin prezident kimi beynəlxalq arenada legitimlik problemi olmayacaq. İndiki məqamda ABŞ-ın Azərbaycana hələ də səfir göndərməməsini isə qətiyyən təzyiq vasitəsi kimi qiymətləndirmirəm. Bu, çox böyük ehtimal ki, Amerika bürokratiyasının prosedur qaydalarına görədir. Yanılmıramsa Amerikada səfirin təyinatı məsələsi texniki baxımdan uzun bir prosedurdur. İstənilən halda mən bunu Amerika-Azərbaycan münasibətlərinin indiki vəziyyətinin göstəricisi kimi dəyərləndirmirəm. Zatən Azərbaycan iqtidarında da belə bir təlaşın olduğu hiss olunmur. Ümumiyyətlə, biz müxalifət partiyası olaraq siyasi mübarizəmizdə iqtidarın digər xarici dövlətlərlə münasibətini faktor kimi nəzərə almırıq. Bizim üçün əsas göstərici xalqımızın hakimiyyətə olan münasibətidir”.

Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov qeyd etdi ki, ABŞ-ın hansısa ölkəyə səfir göndərməsi müəyyən  prosedurlardan sonra həyata keçirilir. Bunun üçün qanunverici orqanın da təsdiqi gərəkir. Ona görə də namizədlər seçiləndə hərtərəfli araşdırılır və göndəriləcək dövlətə hansı formada, necə işləyəcəyi öyrənilir. Bu baxımdan də səfirin gec təyinatı Azərbaycan-ABŞ əlaqələrində müəyyənedici faktor oynamır: “Bundan əvvəlki səfirin də təyinatı bir qədər gecikmişdi. Azərbaycan ABŞ-ın önəm verdiyi ölkələrdən biridir. Doğrudur, insan haqlarının və demokratik dəyərlərin qorunması baxımından ziddiyyətlər yaranır, zaman-zaman problemlər çıxır. Prezident Trampın Azərbaycan dövlət rəhbərinə göndərdiyi məktublar heç də o anlam vermir ki, iqtidarla çox yaxşı münasibətlər var. Seçkilərdən sonra göndərilən məktubda daha çox ABŞ-ın Azərbaycandan gözləntiləri öz əksini tapıb. Bu məktubların mahiyyətində Vaşinqtonun bölgədə maraqları durur. Tramp gözlənilməz gedişləri ilə planetimizdə nigarançılıq və narahatlıq yaratmaqda davam edir. Bu baxımdan da iqtidarla münasibətlərin istiliyindən-soyuqluğundan əminliklə danışmaq mümkün deyil”.

ADP sədrinin müavini Taliyət Əliyev ile ilgili görsel sonucu

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumunu qiymətləndirərkən bu münasibətlərin nə pis, nə də çox yaxşı olduğunu iddia etmək doğru olmazdı: “Düşünürəm ki, münasibətlərdə ən azı status-kvonun saxlanılmasında hər iki tərəf maraqlıdır. Qaldı ki, yeni səfirin təyin olunmaması məsələsinə, yəqin xatırlayırsınız, bundan əvvəllər də elə olub ki, 2 ilə yaxın müddətdə ABŞ Azərbaycana səfir təyin etməyib. Düzdür, səfirlərin gec və ya tez təyin olunması iki dövlət arasındakı qarşılıqlı münasibətlərdən qaynaqlana bilər. Amma ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Robert Sekutanın səlahiyyət müddəti cari ilin aprel ayında başa çatıb və o, ölkəsinə qayıdıb. Üstündən hələ 3 ay vaxt keçib. Bu baxımdan səfirin təyin olunmamasını iki dövlət arasındakı münasibətlərin pis olması ilə izah etmək hələ tezdir”.