ABŞ ordusu Suriyaya qayıdır

Baxış sayı:
6991

Amerika hərbçiləri İraqdan Suriyanın şimal-şərqindəki Haseke əyalətinə qayıtmağa başlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Suriyanın Dövlət Televiziyası məlumat yayıb.

Bildirilir ki, əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir.

İraqın Müdafiə naziri Nəcah əş-Şamari amerikalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi.

Birləşmiş Ştatlar və müttəfiqləri 2014-cü ildən Suriya və İraq ərazisində İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirirlər. Türkiyə Ordusu Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Amerika hərbçilərinin müəyyən hissəsi neft yataqlarını qorumaq üçün Suriyada qalacaq. Bir qədər sonra isə Pentaqon neftlə zəngin rayonlara əlavə qüvvələr göndərməyə hazır olduğunu təsdiqləmişdi.

Qeyd edək ki, Suriyanın neft hasilatının təxminən 90 faizi Fərat çayının şərq sahilində cəmlənib. Bu, əvvəllər İŞİD-in əsas gəlir mənbəyi idi. Oktyabrın 24-də Donald Tramp kürd separatçılarına Suriyada neft yataqları ilə zəngin rayonları tutmağı təklif edib və Amerika kompaniyalarından birinin neft hasilatında onlara yardım edə biləcəyini deyib.

Rusiya Müdafiə Nazirliyi isə təzəlikcə ABŞ-ın İŞİD terrorçularını məğlub etdikdən sonra Suriyadan neft çıxarıb ixrac etdiyini sübuta yetirən kosmik kəşfiyyat şəkilləri yayıb.