​Avropa nəhəngi ABŞ-la üz-üzə: nə gözlənilir?

Baxış sayı:
8260

Hələ ki, Almaniya ABŞ-ın AB-də ən böyük və yaxın partyoru kimi qalacaq və tərəflər bu münasibətlərdən özləri üçün maksimum istifadə etməyə məcburdurlar.
Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, ABŞ və Almaniya arasında münasibətlərdə soyuqluğun açıq şəkildə özünü göstərməsi hələ Obama zamanında baş vermişdi:
"O zaman ABŞ xüsusi xidmət orqanlarının telefon danışıqlarını dinləmələri ilə bağlı skandal böyük səs-küyə səbəb olmuşdu. Həmin vaxt Merkelin də telefonlarının dinlənilməsi üzə çıxmışdı və Almaniya kansleri özü deməsə də, mətubat bu addımın partnyorluq münasibətilə bir araya sığmadığı ilə bağlı siyasətçilərin açıqlamalarını yaymışdı. Tramp dönəmində isə, göründüyü kimi, məsələ daha da dərinə işləyib. Burada ABŞ prezidentinin də rolu kifayət qədərdir".
Ekspert vurğulayıb ki, bütün bunlara baxmayaraq, strateji məsələlərdə fikir ayrılıqlarının olması və bunun NATO/ya da toxunacağına inanmır:
"Almaniya öz ordusu ilə Avropada güclü ölkələrdən biri olub. II Dünya müharibəsində məğlubiyyətindən sonra qalib ölkələr tərəfindən ona yalnız məhdud hərbi kontingentə malik olma imkanları tanınıb. Bu qadağa hələ də qüvvədədir. Ölkənin qorunmasını isə ABŞ, sonradan isə NATO öz üzərinə götürüb. Bu gün Berlinin NATO-nu ölkəsindən çıxartmaq istəyi olsa belə, bunu həyata keçirtmək mexanizmləri çox mürəkkəbdir. Almaniya kimi bir iqtisadi gücün hansısa super hərbi dövlətin yanında olması mütləqdir. Bu onun təhlükəsizliyi nöqteyi-nəzərindən vacibdir".
Ekspertin sözlərinə görə, iqtisadi yüksəlişi, inkişafı ilə dünyada ön sırada olan bir dövlət özünün müstəqil hərbi sənaye kompleksini də qurmaq istəyərdi:
"Amma hələ o situasiya yetişməyib. Aralarında olan müəyyən narazılıqlardan maksimum istifadə etməklə Almaniya qarşı tərəfdən daha çox güzəştlərə, sərbəstliyə nail olmağa çalışır. Buna müəyyən mənada nail olacağını düşünürəm. ABŞ da bu məsələdə onun üzərinə çox getməyəcək. Amma yaxın zaman üçün hərbi müttəfiqliyin sona yetməsindən, yaxud NATO bazalarının çıxarılmasından söhbət gedə bilməz. Çünki Almaniya bu zaman müdafiəsiz qala bilər. Bu gün Almaniya demək olar ki, heç bir hərbi gücə malik olmadan, İngiltərə xaric, bütün Avropanı öz ətrafında birləşdirə bilib, hətta bir çoxlarını özündən asılı hala salıb. Məlumdur ki, bunu özünün güclü iqtisadi potensialı, digər Aİ ölkələrinə verilən çox milyardlı kreditləri, yatırımları, Aİ büdcəsinə ödədiyi vəsait hesabına edib. Hesab edirəm ki, Böyük Britaniyanın Breksitə getməsinə də məhz Aİ-yə əvvəlki kimi nüfuz edə bilməməsi səbəb olub".
Qeyd edək ki, "Vaşinqton Post” qəzetində ABŞ Müdafiə Nazirliyinin Almaniyada yerləşən ABŞ bazalarının ölkədən çıxarılmasının dəyəri və nəticələri barədə analiz aparması ilə bağlı xəbər yayılıb.