“Avropa Şurası ilə Azərbaycan arasında bizə məlum olmayan danışıqlar gedir...” - NATİQ CƏFƏRLİ

“...Bu danışıqların nəticəsi olaraq çox güman ki, Azərbaycan hökuməti tərəfindən də müəyyən addımlar atılacaq”
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olsa da, amma Avropa Şurası adına yaraşmayan bir addımdır. Çünki Avropa Şurası Səməd Seyidova qarşı sanksiya qəbul etməsindən 2 il yox, heç 2 ay da keçməyib. Hansı ki, guya, S. Seyidovun qarşı sanksiya 2 il ərzində qüvvədə olacaqdı.
Yeri gəlmişkən xatırladaq ki, mayın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi ki, bu sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaqdı.
Qərarda qeyd olunur ki, AŞPA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞPA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.
Adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir.
Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.
Bu dörd AŞPA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar həmçinin Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına - Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.
Əslində, Avropa Şurasının korrupsiyada adı hallanan S.Seyidovu AŞPA-da yenidən rəhbər vəzifəyə seçməsi elə qurumun özünün korrupsiya ocağı olduğunu göstərir. Üstəlik, korrupsiyada ittiham olunan şəxsin yenidən vəzifəyə seçilməsi qurumun qeyr-ciddi olduğunu ortaya qoyur. AŞPA məhz qeyri-ciddi qurum olduğu üçün bu gün Avropa Şurasının üzvü olan Azərbaycanda siyasi məhbus problemi həll edilməmiş qalır. Göründüyü kimi, artıq beynəlxalq hüquqda saxta qərarlar qəbul etməklə, AŞPA dünyada nüfuzdan düşür.
Əlbəttə, hər bir Azərbaycan türkünun beynəlxalq təşkilatlarda vəzifə tutması xalqımız, dövlətimiz adına şərəfdir. Amma korrupsiyada adı hallanan adamın yox, vicdanla xalqına xidmət edən bir şəxsin vəzifə tutması lazımdır. Bir də ki, korrupsiyada adı hallanan adamla bağlı beynəlxalq təşkilat özü məlumat yayırsa və təzədən həmin adama etimad göstərib vəzifə verilirsə, bu, artıq beynəlxalq aləmədə həmin təşkilatın nüfuzunu heçə endirir.
Maraqlıdır ki, Avropa Şurasını verdiyi qərarın əksinə, Səməd Seyidova yenidən vəzifə verməyə nə vadar edib?
“Səməd Seyidovun yenidən AŞPA-da vəzifə tutması Azərbaycan tərəfindən güzəştlərin olması ehtimalını gündəmə gətirir”
Səməd Seyidova yenidən AŞPA-da vəzifə tutması ilə bağlı REAL Partiyasının icra katibi Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, Səməd Seyidovun yenidən AŞPA-da vəzifə tutması onu deməyə əsas verir ki, nə Azərbaycan hökuməti, nə də Avropa qurumları Azərbaycanın Avropa Şurasından və Avropa Şurası Parlament Assambleyasından kənarda qalmasını istəmir: “Bunun üçün müəyyən addımlar atır. Ola bilər ki, Səməd Seyidovun yenidən vəzifəyə təyin olunması gələcəkdə Azərbaycanla bağlı hər hansı bir qərarın verilməsinə gətirib çıxarsın. Azərbaycan tərəfindən müəyyən güzəştlərin olunması və yaxud belə bir danışıqların olması ehtimalını da gündəmə gətirir”.
“Avropa Şurasının imici kifayət qədər zədələnib”
“AŞPA-nın qəbul etdiyi qərarın əksinə davranması təşkilatın imicinə zərbə vururmu” sualına N. Cəfərli belə cavab verdi: “Onsuz da Avropa Şurasının imici son zamanlar kifayət qədər zədələnib. Bu, tək Azərbaycanla bağlı deyil. Ümumiyyətlə, Avropa Şurası öz dəyərlərini üzv olduğu ölkələrdə tətbiq və təşviq edə bilməyən “dişsiz” bir quruma çevrilib. Artıq “dişsiz” bir quruma çevilən Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası həm təsir dairəsini, həm də nüfuz alanını dünyada itirməyə məhkumdur. Əslində, belə də baş verir”.
“İlqar Məmmədovla bağlı qərar Azərbaycanı ciddi problemlərlə qarşı-qarşıya qoyur”
Cəfərli vurğuladı ki, Azərbaycanda siyasi məhbuslarla bağlı yeni həmməruzəçinin təyin olunması və hesabatın hazırlanması qərarı real durumu əks etdirir: “Təəssüf ki, Azərbaycan hökuməti Azərbaycanın imicinə ciddi zərər vuran, dövlətin üz qarası olan siyasi məhbus problemini həll etmək istəmir. Əsasən, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmək istəmir. İlqar Məmmədovla bağlı qərar buna əyani misaldır, onsuz da bu qərarı yerinə yetirməməsi Azərbaycanın ciddi problemlərlə qarşı-qarşıya qoyur, o cümlədən Avropa Şurası Parlament Assambleyasını yeni həmməruzəçi təyinatı həm də İlqar Məmmədov işi ilə bağlıdır”.
“Siyasi məhbuslarla bağlı ciddi müzakirələr olacaq”
N.Cəfərli hesab edir ki, Səməd Seyidovun Avropa Şurasında olub-olmamasından asılı olmayaraq siyasi məhbuslarla, o cümlədən İlqar Məmmədovla da bağlı ciddi müzakirələr olacaq: “Çünki Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qərarları var. Əgər o qərarlarla bağlı hər hansı bir addım atılmasa, zatən, nüfuzu yerlə bir olan Avropa Şurası Parlament Assambleyasının, Avropa Şurasının, Avropa Şurası Nazirlər Komitəsinin daha da pis vəziyyətə düşdüyünü və imic itikisinə məruz qaldığını görəcəyik. Bir daha təkrar edirəm, Səməd Seyidovun təyinatı və Azərbaycanla bağlı kəskin qərarların verilməməsi ehtimalı da var. O mənada ki, ola bilər, bizə məlum olmayan danışıqlar gedir və bu danışıqların nəticəsi olaraq çox güman ki, Azərbaycan hökuməti tərəfindən də müəyyən addımlar atılacaq”.
“Ola bilər ki, Azərbaycan Avropa Birliyi ilə sazişdə müəyyən addımlar atsın”
“Güzəştlərə gəlidkdə isə onu demək olar ki, Azərbaycanla Avropa Birliyi arasında saziş imzalanır. Bu, Avropa Şurasından kənar qurum olsa da, amma Avropa institutları həmişə əl-ələ və iç-içə işləyirlər. Ola bilər ki, Azərbaycan tərəfi o sazişdə müəyyən addımlar atsın və QHT qanunvericiliyi ilə bağlı maddələri yaxşılaşdırsın, müəyyən pozitiv addımların atılmasına razlıq versin. Eyni zamanda ola bilər ki, siyasi məhbuslarla bağlı müzakirələr yekunlaşsın və siyasi məhbusların bir qismi ilin sonuna qədər azadlığa çıxa bilsin. Ola bilər ki, danışıqlar gedir və bu danşıqların nəticəsinə görə müəyyən güzəştlər olacaq”,-deyə Cəfərli qeyd etdi.
Şamo EMİN