“Azərbaycan dövlətinin İrana silahlı qüvvələr yeritmək hüququ var” - PƏNAH HÜSEYN

Baxış sayı:
160

Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq baş nazir Pənah Hüseyn İrandakı proseslər barədə Musavat.com-un suallarını cavablandırıb. Muxalifet.az müsahibəni təqdim edir:

- Pənah bəy, İranda 15 gündən artıqdır davam edən etirazların, prosesin adı inqilabdır, yoxsa sadəcə sosial etirazlar?

- Dünyada, regionda geopolitik zəlzələ gedir. Onu geopolitik inqilablar da adlandırmaq olar. Bu zəlzələnin ən ciddi ocaqlarından biri İran İslam Respublikasında və onun ətrafında baş verən hadisələrdir. Burada həm qlobal, həm də regional qüvvələrin də cəlb olunması ilə proses baş verir. O baxımdan bunu hansısa bir ölkənin xalis daxili iç siyasi məsələləri ilə məhdudlaşdırmaq doğru olmaz.

Faktiki olaraq, İran rejimi öz sərhədlərini aşan dini şiə xilafəti iddiasındadır ki, bu da bir sıra ölkələrin və xalqların həm dövlət maraqlarına, həm də başqa maraqlarına toxunur. O baxımdan məsələ daha da kəskinləşir. Açığı, proses bir tərəfdən İranın daxili işidir, bir tərəfdən də daxili işi deyil. Məsələn, Azərbaycan dövlətinin təhlükəsizliyi baxımından çox həyati əhəmiyyət kəsb edən proseslərdir. İranda daha təhlükəli xaos yaranarsa, əvvəla, orada bizim 40 milyona yaxın soydaşlarımız üçün soyqırımı təhlükəsi meydana gələ bilər, Azərbaycan dövləti və cəmiyyəti isə buna laqeyd qala bilməz. Bu, eləcə də Türkiyəyə, Türk Dövlətləri Təşkilatına aiddir. Digər tərəfdən, İranda xaosun yaranması bizim təhlükəsizliyimizi beynəlxalq münasibətlər baxımından təhdid edən situasiya yaradır. Regionda çox ciddi böhranlı vəziyyətə gətirib çıxara bilər. Ona görə də Azərbaycan Respublikası seyrçi mövqe tutmamalıdır.

 - Azərbaycan nə etməlidir və nə edə bilər dediyiniz vəziyyətdə?

- Əgər İranda cərəyan edən hadisələr bizim təhlükəsizliyimizə təhlükə yaradarsa, İran soydaşlarımızın soyqırımı edilməsi təhlükəsinin öhdəsindən gələ bilməzsə, Azərbaycan dövlətinin ora silahlı qüvvələr yeritməklə müdaxilə etmək hüququ var.

- Bu hüququ Azərbaycan Respublikasına hansısa müqavilə və ya başqa hansısa sənəd verir?

- 1921-ci il SSRİ-İran müqaviləsi və 1940-cı il SSRİ-İran müqaviləsi bu gün Azərbaycana dediyim hüququ verir. Çünki həmin dövrdə Azərbaycan Respublikası da sovet ittifaqının tərkibində idi və bu müqavilə bizi də əhatə edirdi. Biz şübhəsiz ki, İranda yaranmış vəziyyətin dinc yolla həll olunmasını istəyirik. Lakin bütün situasiyalara da hazır olmaq lazımdır. Hər an vəziyyət dəyişə və təcili qərarlar verilməsi lazım gələ bilər. Prosesin xarakteri dəyişə bilər.

- Belə fikirlər də var ki, İranın parçalanmasını və yerində yeni müstəqil respublikaların qurulmasını dünya gücləri istəmir...

- Bu, İran üzrə mütəxəssislərin, politoloqların dəyərləndirməsidir. Mən bu cür suallara cavab verməyi özüm üçün doğru saymıram. Onu deyə bilərəm ki, bütün situasiyalara uyğun mövqeyə hazır olmaq lazımdır. Şəxsi fikrim ondan ibarətdir ki, bu məsələnin ən yaxşı həlli yolu geopolitik baxımdan İranın Azərbaycanlaşmasıdır. Türklərin maraq və mənafeyini görməzdən gələn hər hansı proses həyata keçirilə bilməz.

- Deputat Fazil Mustafa məqaləsində bildirib ki, İrandakı prosesi Stalinin bizə sırıdığı Güney Azərbaycan mifologiyasından aralanıb təhlil etməsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik. Güney Azərbaycan ideologiyası mifologiyadır? Özü də Stalinin bizə sırıdığı mifologiyadır?

- Sabah TV Müsavatda bu məsələ ətrafında Fazil Mustafanın özü ilə diskussiyam nəzərdə tutulub. Ona görə də fikrimi öncədən bildirməyi yanlış hesab edirəm.