Azərbaycan və Ermənistan ordusu hərbi təlimdə birgə iştirak edəcək... - EKSPERTLƏRDƏN AÇIQLAMA

Natiq Miri: “Ermənistan Gürcüstandakı NATO tədbirlərində bu dəfə iştirak edəcək”
Üzeyir Cəfərov: “Mümkün deyil ki, Azərbaycan zabiti ilə erməni zabiti bir masa arxısında otursun”
NATO-nun Gürcüstanda keçirilən çoxmillətli “Layiqli tərəfdaş-2018” adlı hərbi təlimlərində erməni hərbi biləşmələrinin də iştirak edəcəyi bildirilir. Təlimlər avqustun 1-də başlayıb, 15-də sona çatacaq. Təlimlərdə həm NATO üzvü olan, həm də olmayan ölkələrdən - ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Azərbaycandan olan, ümumilikdə 3 min nəfərə yaxın hərbçi iştirak edəcək.
Ermənilərin təlimlərdə iştirak etməsi ilə bağlı “Baqramyan-26” teleqram kanalı məlumat verib. Məlumatda deyilir: “Ötən il Ermənistan həmin təlimlərdə iştirak eləməyə hazırlaşırdı. Oraya üç erməni hərbi həkimi göndərməyə hazırlaşırdılar. Lakin ən son anda Rusiya tərəfindən göstərilən təzyiq nəticəsində Ermənistan hakimiyyəti təlimlərdə iştirakdan imtina elədi. Ola bilsin ki, bu il də Rusiya Federasiyası bu məsələdə İrəvana təzyiq göstərməyə cəhd edəcək. Lakin çox güman ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə bağlı rusların sözü keçməyəcək”.
Nəzərə alsaq ki, ötən il hakimiyyətdə Qərbmeylli Paşinyan deyil, “ağalarına” sədaqətlə qulluq edən Sərksiyan idi. O, sonda NATO-nun Gürcüstanda keçirilən tədbirdə iştirak etməkdən imtina qərarı vermişdi. Maraqlıdır ki, bu il Rusiya yenə təzyiq edəcəkmi və Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Layiqli tərəfdaş-2018” adlı hərbi təlimlərində iştirak edəcəkmi?
Sualımızı cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri "Hürriyyət"ə bildirib ki, Rusiyadan daha çox, Paşinyan hökumətinin qərarını düşünmək önəmlidir: “Çünki artıq təkcə NATO tədbirlərində iştirakdan əlavə, Ermənistanda başqa proseslər də gedir. Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Ermənistandakı statusu ilə bağlı konkret açıqlamalar ortaya qoyub və bununla da dolayısı ilə Ermənistan bir növ müstəqil siyasət yürütməkdə maraqlı olduğunu ortaya qoyur. Ola bilsin ki, məhz bu məsələləri qaldırmaqla gələcəkdə rus qoşunlarının maliyyələşdirilməsi məsələsini də gündəmə gətirə bilər. Çünki Rusiya qoşunlarının Ermənistanda yerləşməsinin maliyyə xərclərini məhz Ermənistan ödəyir. Ermənistanın bu gün sərhədlərini məhz Rusiya sərhəd qoşunları qoruyur. Bu da təbii ki, Ermənistanın müstəqil dövlət olmaq imicinə ciddi xələl gətirir. Bu kontekstdə artıq Ermənistanın müdafiə nazirinin artıq konkret açıqlamaları var. Bu açıqlamaları şərh edəndə hiss olunur ki, Ermənistan bu yöndə tədricən siyasətini dəyişəcəyini və daha çox öz dövlət maraqlarına uyğun bir siyasətə üstünlük verəcəklərini ortaya qoyur. Bütün bu məsələləri nəzərə alanda ola bilsin ki, Paşinyan növbəti dəfə müstəqil dövlət görüntüsünü yaratmaq üçün Gürcüstandakı NATO tədbirlərində iştirak qərarı verəcək”.
“Rusiya Ermənistanın manevr imkanlarını daraltmaqda maraqlıdır”
“Düşünmürəm ki, bu kontekstdə Rusiya Ermənistana ciddi təzyiqlər etsin. Əksinə, Rusiya bir növ Paşinyan hökuməti üçün növbəti prosesi test edəcək və yoxlayacaq ki, Ermənistan nə qədər Rusiya ilə strateji münasibətlərdə maraqlıdır. Artıq getdikcə Rusiya Ermənistandan iki hərbi güc mərkəzi arasında seçim etməyi tələb edir. Yəni Rusiya Ermənistanın avroatlantik və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında manevr imkanlarını daraltmaqda maraqlıdır. Düşünürəm ki, bu manevr imkanı uzun müddət Paşinyan hökumətinə verilməyəcək və Paşinyan hökumətindən strateji seçim qərarı verməsi tələb olunacaq. O baxımdan, məsələlər hələlik ziddiyyətli görsənir. Görək, Paşinyan hökuməti Rusiyaya qarşı nə qədər dayanıqlı olacaq? Ancaq Ermənistan ən azından özünü müstəqil dövlət göstərmək üşün NATO-nun tədbirlərində iştirak edəcək”,-deyə politoloq vurğuladı.
“Ermənistan ya Rusiyadan, ya da Qərbdən yana öz seçimini etməlidir”
Mirinin fikrincə, bu faktın özü də göstərir ki, Ermənistan üzün müddət iki hərbi güc mərkəzi arasında manevr edə bilməyəcək: “Tədricən Ermənistan ya Rusiyadan, ya da Qərbdən yana öz seçimini etməlidir ki, bu da dayanıqsız Paşinyan hökuməti üçün müəyyən problemlər yaradır. Məhz bu baxımdan Paşinyan çalışır ki, Ermənistanda yeni parlament seçkiləri keçirilsin ki, ən azından özünün çoxluq təşkil etdiyi bir parlament və yeni, güclü bir hökumət formalaşsın ki, Rusiyanın təzyiqləri qarşısında dayanıqlı olsun. Paşinyan hökuməti bunu yaxın zamanda edə bilməyəcəksə, Rusiyanın qarşsında çox dayanıqsız ola bilər”.
“Burada yalnız NATO ilə əməkdaşlıqdan söhbət gedir”
““Layiqli tərəfdaş” kimi Azərbaycan və Ermənstanın NATO təlimlərində birgə iştirakı nə dərəcədə mümkündür” sualına Miri belə cavab verdi: “Burada sadəcə NATO kimi güclü bir hərbi mərkəzlə əməkdaşlıqdan söhbət gedir, hər hansı bir strateji tərəfdaşlıq və müttəfiqlikdən söhbət getmir. Məsələn, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa, bu, təzadlı görsənə bilər. Çünki buradakı bütün üzvlər bir növ strateji müttəfiq sayılır. Ancaq burada yalnız NATO ilə əməkdaşlıqdan söhbət gedir ki, bunu da o qədər ciddi qəbul etmək lazım deyil”.
“Paşinyan Brüsseldə olanda bəzi vədlər verib”
Hərbi ekspert Üzeyir Cəfərov isə dedi ki, NATO-nun təlimlərində iştirak qərarı siyasi qərardır: “Hərbiçilər də bu qərarı yerinə yetirir. Hər halda Azərbaycanla NATO arasında əməkdaşlıq var və bu əməkdaşlıq davam edir. Ermənistan son vaxtlar NATO-ya daha çox can atır. Amma hələ biz bilməliyik ki, bunların havadarları, yəni rəsmi Moskva nə deyəcək? Ona görə də onların iştirakı tam dəqiqləşməyib. Amma böyük ehtimalla yəqin ki, iştirak edəcəklər. Çünki Paşinyan Brüsseldə olanda bəzi vədlər verib. Amma bunun hansı nəticələrə gətirib çıxaracağını yaxın günlərdə görəcəyik. Mən elə başa düşürəm ki, Moskvadan təpki gələcək. Çünki Rusiya Ermənistanın könlünü almaq üçün növbəti informasiyanı dövriyyəyə buraxdı, 200 milyon dollarlıq silah-sursatın Ermənistana çatdırılması prosesinin başa çatmasını açıqladı. Bunlar hamısı Ermənistanı həvəsləndirmək üçün dövriyyəyə buraxılan siyasi qərarlardır. Hətta iş o yerə çatıb ki, Ermənistanın müdafiə naziri David Toronyan deyir ki, bu, elə bir silahdır ki, heç Rusiyanın özündə yoxdur. Onlar o qədər başlarını itirblər ki, nə danışdıqlarını bilmirlər. Necə olur ki, Rusiyanın istehsalı olan silah Rusiyada olmur, Ermənistanda olur. Bu, növbəti erməni blefidir”.
“Azərbaycanla heç vaxt layiqli tərəfdaş ola bilməz”
Ü.Cəfərov vurğuladı ki, Ermənistan Azərbaycanla heç vaxt layiqli tərəfdaş ola bilməz:“Sözsüz ki, NATO-da bunu bilirlər ki, bu kofliktin dərin kökləri var. Amma Ermənsitanın işğalçı siyasətinin hələ də başa çatmaması ilə əlaqdar Azərbaycan məcburdur bəzi addımlar atsın. Yəqin ki, bu təlimlərdə onu da nəzərə alacaqlar ki, Azərbaycan tərəfi Ermənistan tərəfi ilə ən azından bir paneldə üz-üzə gəlməsin və yaxud hansı bir ssenarinin yerinə yetirilməsində tərəflər ayrı-ayrı mövqedən çıxış etsinlər. Mümkün deyil ki, Azərbaycan zabiti ilə erməni zabiti bir masa arxısında oturub, bir işi yerinə yetirsinlər. NATO-da bunu gözəl başa düşürlər”.
“Ermənistan qeyri-ciddi kimlyini hələ də qoruyub saxlayır”
Ü. Cəfərov hesab edir ki, Azərbaycanın o təlimlərdən imtina etməsi də düzgün olmaz: “Ona görə ki, bundan bizə qarşı düşmənlərimiz istifadə edə bilrlər. NATO ilə Azərbaycan arasında münasibtlərin sərinləşməsinə xidmət edən bir addım olar. Azərbaycan bundan əvvəl iştirak edib, bundan sonra da iştirak etməlidir. İndi də Ermənsitan bu proseslərə qoşulmaq istəyir. Amma dediyim kimi, son məqamda Ermənistan başqa addımlar ata bilər. Çünki indi Ermənistanın siyasi hərbi rəhbərliyində o qədər naşı, küçə adamları var ki, elə Paşinyan və indiki müdafiə nazirinin özü də o adamlardan biridir. Baş qərargah rəisi bu yaxınlarda general-mayor Atakyan sosial şəbəkələrlə bağlı cəmiyyətə bir hədələyici bəyanat səsləndirmişdi. Yəni dünən bir söz deyirlər, bu gün başqa söz deyirlər. Ermənistan qeyri-ciddi kimliyini hələ də qoruyub saxlayır. NATO-nun təlimlərində təşkilata üzv və tərəfdaş ölkələr iştirak edir. Azərbaycanın bundan imtina etməsi məqsədəmüvafiq deyil. Çünki bizim öz hədəflərimiz, yolumuz var. Amma ola bilsin ki, hansısa bir mərhələdə bundan anti-təbliğat üçün istifadə etsinlər. Buna fikir vermək lazım deyil. Azərbaycanın məqsədi aydındır. Hələ ki, Qoşulmama Hərəkatının üzvüyük. Qoşulmama Hərəkatının üzvü olmaqla yanaşı, biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında, həm də hərbi tərəfdaşlıq planı üzrə ikitərəfli sənədin yerinə yetirilməsi üzərində işləyirik. Bunlar tərəfləri qane edir. Baxmayaraq ki, Ermənistan Rusiyanın qapazı altındadır, amma bəzi müstəqil addımlarını atmaq istəyir. Bu müstəqillik nə qədər onlar tərəfindən davam etdiriləcək, onu da yaxın zamanlarda görəcəyik. Amma belə də uzun bir müddət görmürəm. Çünki Ermənistanın iqtisadiyatı da, hərbisi də, bütövlükdə siyasəti də daha çox Rusiyadan asılı bir vəziyyətdədir. Indiki məqamda Ermənistanın hər hansı bir müstəqil addım atması o qədər də inandırıcı görünmür”.
Şamo EMİN