​Bakıdakı paraddan nələr yazıldı? – “Ordu quruculuğundakı inkişafı görməmək mümkün deyil”

Baxış sayı:
3925

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Parad sosial şəbəkələrdə də diqqət cəlb etməyi bacarıb. Sadə vətəndaşlarla yanaşı, millət vəkilləri, politoloqlar, iqtisadçılar da keçirilən paradı yüksək qiymətləndirib.
 
Deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilmiş hərbi parada gələn şəhər sakinləri və qonaqların sayı yüzminlərlə idi:
 
“Bu gün Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi tamam olur. Vaxtı ilə 500 nəfərlik kiçik bir dəstə ilə başlayan Ordumuz hazırda dünya orduları reytinqində 50-ci yerdədir. Ordumuzla fəxr edir və qürur duyuruq".
 
Millət vəkili Qənirə Paşayeva isə gələn il hərbi paradın Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşada və digər gözəl bölgələrimizdə keçirilmədini arzulayıb:
 
“Ordumuzun 100 illiyi və bayramı mübarək olsun! Allah bütün hərbiçilərimizi, əsgərlərimizi qorusun”.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban paradın təşkilatçılığı məsələsinə toxunub:
 
“Ordumuza eşq olsun! Fərəhli haldır ki, Milli Ordumuzun yaranması üçün belə bir bayram təşkil edirik, bizim sevincimizə şərik olan dövlətlər də bu tədbirdə iştirak edir. Yaxın keçmişə baxanda ordu quruculuğundakı inkişafı görməmək mümkün deyil. Yaşasın gecə-gündüz bizi qoruyan Milli Ordumuz! Fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam”.