​BƏLƏDİYYƏ SƏDRİ 50 HA TORPAĞI QANUNSUZ OLARAQ ƏLƏ KEÇİRİB – Zərdab sakinlərindən ölkə başçısına müraciət

Baxış sayı:
2521

Zərdab rayonunun Dəliquşçu kənd sakinləri İmaməliyev Natiq Yaqub oğlu, Kərimov Telman Lətif oğlu (2-ci qrup Qarabağ müharibəsi əlili), Hüseynov Alim Ağacan oğlu, Hüseynov Ağalar Böyükağa oğlu və İsgəndərov Bayram Yolçu oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Sizə və səlahiyyətli orqanlara Zərdab rayon Dəliquşçu kənd sakinləri olaraq yazıb bildiririk ki, Dəliquşçu kəndinin sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan kənd camaatının təyinatı sırf örüş torpaq sahəsi olan 50 hektar yeri mənimsəmiş və həmin örüş torpağında 20 hektar yonca və 20 hektar taxıl əkib. Eyni zamanda mişar daşından böyük ferma tikib, balıq gölü yaradaraq öz xüsusi mülkiyyəti kimi istifadə edir.
Bu barədə aidiyyəti orqanlara çoxlu sayda müraciətlər etmişik. Tədbir görülməsi üçün hamısı Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyevə göndərilib. O isə, dövlət qanunlarını yox, öz şəxsi maraqlarını ali tutub, örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa edən Allahverdi Qəhrəmanovun cinayətinin üstünü ört-bastır edir. Həmin torpağın təyinatı örüş sahəsidi. Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.
Biz Zərdab rayonu Dəliquşçu kənd sakinləri adından xahiş edirik ki, bizim şikayətimizi yerində obyektiv araşdırlmasına və örüş torpaqlarını qanunsuz əkib-becərmiş, balıq gölü yaratmış və böyük ferma inşa etdirmiş Allahverdi Qəhrəmanovun və onu himayə edən Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Seymur Nağıyevin barəsində ciddi tədbirlər görülməsinə göstəriş verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq