Boşanmaları artma səbəbləri - DÖZÜMSÜZLÜK, YOXSA?..

Baxış sayı:
3115

Cəmiyyət “mühəndisləri” çıxış yollarından danışdılar

Son illərdə Azərbaycanda boşanan ailələrin sayı kəskin artıb. Statistika da bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin bu günlərdə yaydığı məlumata görə, ilin ilk 4 ayı ərzində 17 715 nikah, 4884 boşanma halı qeydə alınıb. Beləliklə, əhalinin hər 1000 nəfərinə münasibətdə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Boşanmaların sayının bu qədər olması cəmiyyətdə narahatlıqla qarşılanır. Xüsusən də bəzi gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Bəs səbəb nədir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Qeyd edək ki, son illər bu mövzu kifayət qədər aktualdır və xeyli sayda müzakirələr aparılır, problemdən çıxış yolları axtarılır. Bəzi ekspertlər qeyd edirlər ki, gənclər arasında dözümsüzlük boşanmalara gətirib çıxaran əsas amillərdən biridir. Səbəblərdən biri də gənclərin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşması, psixoloji durumlarının aşağı səviyyədə olmasıdır. Əgər 20-30 il əvvəl cütlüklər ailələrinin dağılmaması üçün mücadilə aparır, bir çox problemlərə göz yumub, dözümlülük nümayiş etdirirdisə, bu gün bu amil yavaş-yavaş sıradan çıxmağa doğru gedir. Hətta nəinki gənc ailələr, 20 ilin ailələri də dözümsüzlük səbəbi ilə dağılır.

Digər əsas səbəblərdən biri qismində gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər isə sonda boşanmaq qərarına gəlir. 

Boşanmaların artma səbəblərindən biri də sosial şəbəkələr göstərilir. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq.

Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Məsələn, amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də facebook-un adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur.

Başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir. Araşdırmalara görə, boşanmaların 20-25 faizi nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır. Digər səbəblər kimi alkoqollu içkilər, narkotik vasitələrin istifadəsi, sonsuzluq problemi gəlir.

Rəsmilər isə bildirirlər ki, Azərbaycanda boşanmaların sayı bağlanan nikahlara nəzərən 20-23 faizdir, hansı ki, bu göstərici Türkiyədə 28, Fransada 35, Almaniyada 37 faizdir. Həmçinin qeyd olunur ki, MDB məkanında boşanmaların sayı ilə əlaqədar müqayisəli təhlilə görə Azərbaycanda vəziyyət daha qənaətbəxşdir.

Elnur Rüstəmov ile ilgili görsel sonucu

Mövzu ilə əlaqədar “Yeni Müsavat”a danışan psixoloq Elnur Rüstəmov deyir ki, boşanmaların artması təkcə ölkəmizdə deyil, digər ölkələrdə də müşahidə edilməkdədir: “Sadəcə, bir çox inkişaf etmiş, o cümlədən Avropa ölkələrində bu məsələ ilə bağlı müəyyən inzibati tədbirlər görülür. Ümumi statistikaya baxdıqda görürük ki, Azərbaycanda boşanmaların sayı 90-cı illərdən sonra artmağa başlayıb. Burada daha psixoloji, sosial, intim, eyni zamanda urbanizasiya faktorları çox ciddi təsir göstərir. Məsələn, insanların komfort həyata daha çox üstünlük verməsi. Əvvəllər kimi 18-19 yaşında ailə quran qızlar çox idisə, bu gün azdır. Və yaxud tərəflərin bir-birindən çox şey gözləntisi və bu gözləntilərin yerinə yetməməsi əsas amillərdir. Xanımlar bu gün işgüzar olmağa və kişilərdən gözləntilərini dəyişdirməyə başlayıb. Tərəflərin uzun müddət bir yerdə yaşaması üçün onlardan son dərəcə məsuliyyətli, daha da diqqətli olması tələb olunur ki, son zamanlarda bunlar özünü doğrultmur. Digər əsas səbəblər kimi sosial şəbəkələri, mobil telefonları, interneti göstərə bilərik. Lakin bizim üçün əsas deyil, törəmə səbəblərdir. Əgər ailədə münasibətlər yaxşı olarsa, inanmıram ki, tərəflər vaxtının çox hissəsini sosial şəbəkədə və yaxud mobil telefonda kiminləsə yazışmağa sərf etsin. Əslində bunların hamısı yaranmış boşluğu doldurmaq üçündür”.

Psixoloq hesab edir ki, boşanmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək üçün mənəvi dəyərlər qabardılmalı, bu istiqamətdə konsepsiya hazırlanmalı, maarifləndirmə işləri aparılmalıdır: “Həmçinin inzibati tədbirləri kifayət qədər sərtləşdirmək lazımdır”.

İlgili resim

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə açıqlamasında bildirdi ki,  statistikaya əsasən, nikaha girənlərin sayına nəzərən boşanmaların sayı o qədər də böyük deyil: “Ümumiyyətlə, boşanma təbii prosesdir. Doğrudur, bu proses bizə problem gətirir, düşünürük ki, ailə dəyərləri dağılır və sairə. Lakin insan davranışları da dəyişir. Burada məsuliyyət daşımaq prinsipləri əvvəlki kimi deyil. Məsələn, əgər əvvəllər ailə qurarkən ailə məsuliyyətini dərk edərək, onu sona qədər çatdırmağı, uşaqları birgə böyütməyi düşünürdüksə, indi müəyyən çətinliklərlə üzləşən kimi bundan qaçmaq istəyirik. Bundan da zərər çəkənlər əsasən uşaqlar olur. Yəni şüurlu ailə modeli olan, düşünərək, bir-birinə qarşılıqlı hörmət edərək yaşayan ailələr indi çox azdır”.

Qurum sədri də  boşanmaların artma səbəblərinin çox olduğunu dedi: “Burada qeyd etdiyim kimi, məsuliyyətsizlik, ailədaxili zorakılıq, psixoloji problemlər var. Nikah üçün ərizə verən cütlüklərə bir ay möhlət verilir. Bu bir ay ərzində hər iki tərəf bir-birini yaxşı tanımalıdır. Necə ki, nikah öncəsi məcburi müayinə yoxlanışı olur, eyni zamanda məcburi psixoloji testlərdən keçmə məsələsi də olmalıdır. Tərəflər psixoloqlara getməli, şəffaf şəkildə bir-biriləri haqqında məlumat verməlidilər. Bir ay ərzində cütlüklər olduqları kimi görünmürlər. Məcburi tibbi müayinə bir çox məsələlərin üstünü açdı. Əvvəllər cütlüklər öz sağlamlıqları barədə bir-birinə məlumat vermirdi”.