Bu xidmət özəl sektora verilsin - Qəza mesajı

Elektrik enerjisinin real sektora mənfi təsirlərini azaltmaq, eyni zamanda, istehlakçıların daha keyfiyyətli, səmərəli və fasiləsiz xidmətlər əldə etməsinə nail olmaq üçün mərhələli şəkildə kommunal xidmətlərin idarəetməyə verilməsi vacibdir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, dünən işıqların sönməsi bir mesaj kimi qiymətləndirilməlidir:
“Biz uzun müddətdir təklif edirik ki, kommunal xidmətlərin özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var. Bu, bir tərəfdən də səmərəliliyin artırılmasına imkan yaradacaq. Digər tərəfdən bu imkan verəcək ki, büdcə vəsaitlərinə qənaət etmək mümkün olsun. Çünki büdcədən bu istiqamətdə dolayı subsidiyalar ayrılır. Eyni zamanda, bu sektorlarda xarici və daxili borc asılılığının aradan qaldırılması, həmin xidmətlərə daha innovativ və yeni texnologiyaların cəlb edilməsi üçün imkan yaranacaq. Bu baxımdan gecəki hadisə elektrik enerjisinin satışı da daxil olmaqla, digər xidmətlərin də idarəetməyə verilməsini daha da aktuallaşdırdı. Güman edirəm ki, mavi qaz, istilik, elektrik enerjisi, hətta gələcəkdə su satışının da idarəetməyə verilməsinə ehtiyac var. Bununla həmin sektorlarda səmərəlilik artırılacaq və istehlakçıların fasiləsiz və daha keyfiyyətli xidmətlər əldə etməsinə nail olunacaq”.