“FƏTÖ-nun bütün kadrları və imamları Azərbaycanda fəaliyyət göstərməyə davam edir” - TÜRKİYƏ MEDİASINDAN SENSASİON YAZI

Baxış sayı:
7498

Türkiyədə dərc edilən “Sabah” qəzetinin internet portalında “FƏTÖ Azərbaycanda hələ də çox güclüdür” başlıqlı yazı dərc edilib. Məqaləni diqqətinizə çatdırırıq:

FƏTÖ Azərbaycanda hələ də çox güclüdür

Ərzurumdakı Gülən fondunun keçmiş müdiri və Azərbaycanda F.Gülənin təhsil fəaliyyətlərində çalışmış Ümit Akdemir, FETÖ-nün Azerbaycan təşkilatı barəsində maraqlı açıqlamalar verib. Sabah.com.tr saytına müsahibə verən Ümit Akdemir deyib: “FƏTÖ-nün təhsil müəssisələri “Sokar” şirkətinin ixtiyarına verilsə də, təşkilatın bütün kadrları və imamları həmin təhsil müəssisələrində fəaliyyət göstərməyə davam edir”.

ÜMİT AKDEMİRİN SABAH.COM.TR SAYTINA AÇIQLAMALARINDAN BƏZİ BAŞLIQLAR:

FƏTÖ AZƏRBAYCANDAKI FƏALİYYƏTİNƏ FASİLƏSİZ ŞƏKİLDƏ DAVAM EDİR

Fətullahçı təşkilatın Azərbaycandakı fəaliyyətinin qadağan edildiyini düşünürsünüzsə, yanılırsınız. Bəli, doğrudan da Gülənin təhsil müəssisələri Azərbaycan dövlətinin “Sokar” neft şirkətinin ixtiyarına verilib. Lakin gizli imamlar, müəllim kadrları və təhsil işçilərinin hamısı o məktəblərdə fəaliyyət göstərməyə davam edir.

İLHAM ƏLİYEV FƏTÖ-nün HƏDƏFİNDƏ İDİ

Azərbaycan prezidenti İlham Əliyevə bu məsələ ilə bağlı yalnış məlumatlar verildiyinə inanıram. İnanıram ki, xəbər tutsa, bunlara icazə verməyəcəkdir. Çünki Naxçıvan Muxtar Respublikası bu təşkilatdan tamamilə təmizlənib. Bu əməliyyat da İlham Əliyevin məlumatlandırılması çərçivəsində həyata keçirilib. FƏTÖ gizli iclaslarda mənim yanımda “İlham Əliyevin axırına çıxacağıq” deyirdi. Lakin buna gücləri çatmadı. Ancaq o günlərdə buna cəhd edə bilməmələri, bu gün bənzər hücumu etməyəcəkləri demək deyil.

PROF. FƏRHAD MEHDİYEV ADINA DİQQƏT!

Azərbaycan hökuməti professor Fərhad Mehdiyev adına diqqət yetirməlidir. Azərbaycanda ifşa edilmədən Türkiyəyə qaçan Mehdiyev FƏTÖ tərəfindən qurulan Zirvə Universitetində işləyirdi. Türkiyədə gizli xidmətlər iclasında iştirak eləmiş və yataqxanada mənim yanımda qalmışdı. Ola bilər ki, FƏTÖ-nün Azərbaycandakı gizli xidməti bu adam tərəfindən həyata keçirilir. Bu məsələ ilə bağlı Azərbaycanın səlahiyyətli şəxslərini xəbərdar eləmək istəyirəm.

ÇEVRİLİŞ UĞURLU OLSA İDİ, QONDARMA TÜRK BAHARINA BAŞLAYACAQDILAR!

Bu təşkilatın Azərbaycanda 28 təhsil müəsissəsi var. Qafqaz Universiteti isə tamamilə möhürlənib. Bu məktəblərdə davamlı şəkildə hərbçi, polis, məmur və akademik yetişdirilir. Bunlar Azərbaycan dövlətinə deyil, Fətullah Gülənə bağlı insanlar olaraq, dövlət işlərində yerləşdirilir. Əgər, Türkiyədəki çevriliş uğurlu olsaydı, bu əməliyyat Azərbaycan, Türkmənistan və Qırğızıstana da yayılacaqdır. Türkiyədə uğursuz olduğu üçün adı çəkilən ölkələrdə əməliyyatlar dayandırıldı.

NAXÇIVANDA OLDUĞU KİMİ BÜTÜN FƏALİYYƏTLƏRİ QADAĞAN ELƏMƏK LAZIMDIR

Başda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan olmaqla, bütün Orta Asiya ölkələri bu bəladan tam təmizlənmək istəyirlərsə, dərhal bu təşkilatın fəaliyyətini dayandırıraraq, imamları və təşkilatın üzvlərini ölkədən çıxarmalıdırlar. Naxçıvanın tətbiq elədiyi üsul bütün Orta Asiya ölkələrinə nümunə olmalıdır. Məktəblərini və ticarət müəssisələrini bağlayaraq, hamısını muxtar respublikanın ərazisindən çıxardılar. Bu bəladan xilas olmaq üçün başqa yol yoxdur.

Türkiyədə baş verən 15 iyul FƏTÖ çevriliş cəhdi bütün ölkələrə örnək olmalıdır. “Bizim ölkəmizdə bu qədər nüfuzlu deyillər”, “bizə bir şey olmaz” kimi düşüncələr böyük xətalara səbəb ola bilər. Türkiyədə də FƏTÖ-nün hərbi çevriliş edəcək gücünün olmadığı iddia edilən zaman, mən addım-addım çevrilişə doğru getdiklərindən danışırdım.

Tərcümə Hurriyyet.org-undur.