Gigiyenik sertfikatlar LƏĞV OLUNUR

Baxış sayı:
2341

"İyunun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertfikatlar ləğv olunur".

Muxalifət.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, xaricdən gətirilən məhsullara da gigiyenik sertfikat verilməyəcək:

"İstər xaricdən gələn, istərsə də ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsul qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək. Müəssisənin istehsal etdiyi məhsula görə qida təhlükəsizliyi sertfikatı alınacaq. Bu beynəlxalq konvensiyaya uyğundur".

Q.Təhməzli onu da bildirib ki, iyulun 1-dən etibarən baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Onun sözlərinə görə, qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələri vasitəsilə həyata keçiriləcək:

"Müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirdikdən sonra laboratoriyaya göndərəcək".