Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ — İcra hakimiyyətində KADR İSLAHATLARI

Sabunçu Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.
Muxalifet.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb.
Belə ki, İnformasiya təminatı və təhlil sektorunun müdiri Gülər Rüstəmova vəzifəsindən azad olunub.
Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda yeni təyinatlar olub. Sektor üzrə Fəqan Dünyamalıyev böyük məsləhətçi, Natiq Rəsulov məsləhətçi vəzifəsinə təyin edilib. F.Dünyamalıyev bundan əvvəl ləğv edilmiş İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı, N.Rəsulov isə daha əvvəl Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tikinti üzrə mühəndis (məsləhətçi) vəzifəsində işləyib.
Ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri Elvin Mikayılov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna yeni müdir - baş memar vəzifəsinə isə 31 yaşlı Fuad Nuriyev təyinat alıb. O, əvvəl ləğv edilmiş Rayon təsərrüfatı şöbəsində baş məsləhətçi (mühəndis) işləyib və həmin vaxt memar vəzifəsini Saleh Xubanov icra edib. S.Xubanov isə hazırda fəaliyyətini böyük məsləhətçi vəzifəsində davam etdirir.




















