HANSI DÖVLƏT RÜSUMLARI, NƏ QƏDƏR VƏ NİYƏ ARTIRILIR? - "Belə yanaşma gəlirdən daha çox zərər verə bilər"

Baxış sayı:
10229

Yaxın günlərdə 266 adda xidmətin rüsumları artırılacağı gözlənilir. Belə ki, Azərbaycan hökumətinin “Dövlət rüsumu haqqında” Qanuna təklif etdiyi dəyişikliklərlə ölkədə tətbiq olunan bütün xidmətlər üzrə dövlət rüsumları artırılır, eyni zamanda bir sıra yeni rüsum növləri müəyyənləşdirilir. Dünən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində dəyişikliklərin müzakirəsi təşkil olunub.

Belə ki, xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır. 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata qaldırılır;

Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır;

Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır;

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata qaldırılır;

Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır;

Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata qaldırılır;

Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır;

Qeyd edək ki, Komitə iclasında çıxış edən maliyyə nazirinin müavini Azər Bayramovun dediklərindən məlum olub ki, təkliflər arasında mobil telefonların və avtomobillərin qeydiyyat rüsumlarının artırılmasına dair müddəa yoxdur. Sadəcə olaraq, indiyədək bu rüsumların məbləğini Nazirlər Kabineti müəyyənləşdirirdi, bundan sonra “Dövlət rüsumu haqqında” Qanun əsasında Milli Məclis tərəfindən müəyyənləşdiriləcək.

Komitədə aparılan müzakirələr zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatıblar: "Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq”.

Nazir müavini bildirib ki, dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır: “Onların hər biri üzrə qərar qəbul olunduğu dövrdən bu dövrə qədər olan müddətdə bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiyadan yüksək rüsum müəyyən edək”.

Təklif olunan dəyişikliklər arasında mühüm bir müddəa dövlət rüsumlarının bütünlüklə dövlət büdcəsinə köçürülməsi ilə bağlıdır. Belə ki, indiyədək rüsumların müəyyən hissəsi onların hesablandığı xidmətləri təqdim edən dövlət qurumunda qalırdı. Məsələn, mobil telefonların qeydiyyatından toplanan rüsumların 23 faizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, avtomobillərin qeydiyyat rüsumlarının 23 faizi isə Baş Dövlət Yol Polisi İdarəsində qalırdı - rüsumların toplanması sahəsində çalışan əməkdaşların sosial təminatının gücləndirilməsi üçün. Qanuna təklif olunan dəyişikliyə əsasən dövlət rüsumları 100 faiz həcmində dövlət büdcəsinə köçürüləcək.

A.Bayramovun dediyinə görə, hökumət cərimələrlə bağlı da islahat hazırlayır və cərimə məbləğlərinin də bütünlüklə dövlət büdcəsinə köçürülməsi mümkündür: “Bir sıra dövlət qurumlarının büdcədənkənar gəlirlərinin formalaşmasında cərimələrə də analoji yanaşma tətbiq oluna bilər. Bu gün biz ilk olaraq çox vacib addımı - ”Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyi müzakirə edirik. İslahatlar ardıcıl formada aparılır. İslahatların davamı kimi növbəti addımlar da nəzərdə tutulur. Bu, maliyyə sanksiyaları və digər büdcədənkənar gəlirlərin formalaşması ilə əlaqədar olan məbləğlərlə bağlı olacaq. Növbəti dəfə artıq o sahələrə də kompleks şəkildə yanaşma metodikasının təkliflərini təqdim edəcəyik".

Maliyyə Nazirliyindən verilən açıqlamada isə bildirib ki, dövlət rüsumlarının artırılmasından il ərzində 100 milyon manat əlavə vəsaiət əldə ediləcək.

Qanuna bir sıra yeni rüsum növləri də əlavə edilib. Belə ki, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması dövlət rüsumları tətbiq olunacaq. Bu dövlət rüsumu qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat, qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat, diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat, hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat, içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat, balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat, yumurta (topdansatış - 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat, yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat, süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat, arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub.

Daha bir yeni rüsum investisiya təşviqi sənədi üçün 70 manat olmaqla tətbiq ediləcək.

 Vahid Əhmədov

 

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, layihədə bir sıra müsbət məqamlar var: “Layihədə bizi narahat edən məqamlar var və biz onlarla bağlı öz təkliflərimizi vermişik. İndi plenar iclasda birinci oxunuş olacaq, sonra ikinci oxunuşa qədər təkliflər müzakirə ediləcək. Hansı təkliflərimizin qəbul olunub-olunmayacağını demək mümkün deyil. Amma təkliflərdə bir sıra müsbət məsələlər var. Bunlardan birincisi, rüsumun hamısının dövlət büdcəsinə köçürülməsidir. İndiyədək belədir ki, rüsumun müəyyən hissəsi onu toplayan qurumda işçilrin sosial təminatının gücləndirilməsi məqsədilə saxlanılır. Biz hesab edirik ki, rüsumlar büdcəyə köçürülməli, işçilərin əmək haqqı və sosial təminatına mərkəzləşmiş qaydada baxılmalıdır. Mən hətta təklif edirəm ki, müxtəlif dövlət qurumlarında yığılan cərimələrdən saxlanan hissələr də tamamilə büdcəyə köçürülsün. Əvəzində əmək haqları artırılsın. Bundan başqa, bir sıra yeni reklam növləri var ki, onlara görə rüsum tətbiq olunmurdu, indi onların tətbiqi təklif olunur. Bu da müsbət haldır. Digər məsələ, bir sıra rüsumların məbləğinin hökumət qurumları tərəfindən deyil, Milli Məclis tərəfindən tənzimlənməsi barədədir”.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, rüsumların artırılmasını kağızın bahalaşması ilə əsaslandırmaq qəbulolunan deyil: “Son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna milyonlarla manat vəsait ayırıb. Bəs bunun nəticələri necə oldu? Məntiqlə, rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı.

Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma, rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s. İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayırmaq nəyə lazımıydı ?

Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb, ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır".

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə hökumət əmək haqqı, pensiya və müavinətlərin artırılması üçün hazırlıqlara başlayıb: “Bu sərəncamdan sonra dövlət büdcəsində bir sıra dəyişikliklər edildi, müəyyən əlavə tədbirlər müəyyənləşdirildi. Məsələn, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert artırıldı, neftin dünya bazar qiyməti 45 dollardan 50 dollara qaldırıldı. Hansı istiqamətlər üzrə konkret nələrin nəzərdə tutulduğunu gələn həftə biləcəyik - büdcənin açıq müzakirələri başlayanda. Eyni zamanda əmək haqqı, pensiya və müavinətlərin də nə qədər artırılacağı bilinmir. Amma aydındır ki, hökumət əlavə xərcləri qarşılamaq üçün büdcənin passiv gəlir mənbələri üzrə artımlara gedilir. Rüsumların artırılması da bu baxımdan həyata keçirilən tədbirdir”.

Ekspert rüsumların artırılması ilə bağlı səsləndirilən rəsmi əsaslandırmanı anlaşılmaz hesab edir: “Deyirlər, rüsumlar çoxdan artırılmır, hansısa materiallar bahalaşıb, maya dəyəri artıb. Mən bir iqtisadçı kimi, anlaya bilmirəm ki, müəyyən rüsum həmin xidmətin maya dəyərindən aşağıdır deyiləndə bu maya dəyərini necə hesablayırlar? Məsələn, avtomobilin dövlət qeydiyyatı zamanı rüsumun maya dəyəri mühərrikin həcminin təsiri ilə necə dəyişir? Burada xidmətin maya dəyərini hansı metodla hesablayırlar, düşünürəm ki, buna aydınlıq gətirilməlidir. Eyni sözləri nikahın qeydiyyatı, pozulması kimi rüsumlarla bağlı da demək olar. Bütün bunları nəzərə alsaq, ən normal əsaslandırma bu olardı ki, gələn il dövlət büdcəsinin xərclərində artımlar olacaq. Artan xərcləri qarşılamaq üçün əlavə mənbələr tapılmalıdır və rüsumların artırılması da belə mənbələrdən biridir. Amma məsələ burasındadır ki, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün bütün rüsumları da necə gəldi artırmaq olmaz. Belə yanaşma gəlirdən daha çox zərər verə bilər. Çünki bəzi xidmətlər istehlak bazarına təsir edir, onlar üzrə rüsumların artırılması insanların xərclərini artıracaq. Bu baxımdan, əhalinin gəlirləri, inflyasiya səviyyəsi və sair məsələlər mütləq nəzərə alınmalıdır”.

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, rüsumların artırılması dövlətin maraqlarına cavab verən prosesdir: “Hazırda hökumət büdcə gəlirlərini şaxələndirməyə, mümkün qədər çox gəlir əldə etməyə çalışır. Amma istənilən istiqamətdə müəyyən edilən rüsumların hər biri fərqli ölçüdə bazarda qiymət artımlarına gətirib çıxaracaq. Hökumətin rüsumların artırılmasına dair əsaslandırması ilə tam tanış deyiləm. Ola bilər ki, orada rüsum artımının hansısa xidmətin keyfiyyətinin yüksəldilməsi ehtiyacı ilə bağlılığı da qeyd edilsin. Amma hazırda elə bir dövrdəyik ki, hansısa xidmətin keyfiyyətinin yüksəldilməsi dedikdə, ilk növbədə elektronlaşma, xidmət hərəkətlərinin onlaynlaşması anlaşılır. Yəni hər hansı dövlət qurumunun təqdim etdiyi xidmətin keyfiyyəti onun elektronlaşma səviyyəsi ilə ölçülür. Bu isə həmin xidmətin maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Onlaynlaşan xidmətin təqdim olunma sürəti də artdığına görə maya dəyəri aşağı düşür. Bu baxımdan, hazırda təklif olunan rüsum artımlarını təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması ilə əsaslandırmaq mümkün deyil”.

Ekspert bildirir ki, dərman vasitələrinin qeydiyyatı üzrə rüsumun 50 faiz artırılmasının bazarda dərmanların qiymətinə ciddi bir təsiri olmayacaq: “Amma avtomobil nömrələrinin qeydiyyatı rüsumlarındakı artımlar kifayət qədər yüksəkdir və insanların büdcəsinə ciddi təsir göstərir. Yaxud heyvandarlıq məhsulları, tütün məmulatları ilə bağlı tətbiq olunacaq rüsumlar həmin məhsulların maya dəyərində oturmaqla satış qiymətində artıma səbəb olacaq”.