Hitlerin iş yoldaşının qızı GİZLİ XİDMƏT ÜÇÜN ÇALIŞIB

Adolf Hitlerin yaxın iş yoldaşı Henrix Himmlerin qızının, 2-ci Dünya Müharibəsindən sonra Almaniya gizli xidməti üçün çalışdığı ortaya çıxdı.
Almaniyanın “Bild” qəzeti, keçən ay Münhendə 88 yaşında vəfat edən Gudrun Burwitzin, müharibədən sonra Qərbi Almaniya Xarici Kəşfiyyat Agentliyi “BND” üçün çalışdığını yazıb.
Xəbərdə, Burwitzin 1961-1963-ci illərdə Münhen yaxınlığında Pullaçda “BND” qərargahında katib kimi çalışdığı, o dövrdə “BND”-nin keçmiş Nasist hərbi kəşfiyyat komandiri Reinhard Gehlenin rəhbərliyində olduğu bildirilib.
Bugünkü adı "Almaniya Federal Kəşfiyyat Xidməti" olan “BND”-nin tarix departamentinin direktoru Bodo Heçelhammer, Burwitzin, 1963-ə qədər bir neçə il başqa bir adla gizli xidmət üçün çalışdığını təsdiqləyib.
Nasizmi inkar etməyən və həyatı boyunca qrup tədbirlərə qatılmağı davam etdirən Burwitz, 2-ci Dünya Müharibəsi sona çatanda hələ yeniyetməydi və Nuremberg məhkəmə prosesində ifadə verdikdən sonra 1946-ci ildə sərbəst buraxılıb.
Gudrun Burwitzin, “Schutzstaffel” (Qoruma Komandası), məşhur “SS”-in keçmiş üzvlərinə maddi və hüquqi dəstək verdiyi məlum olan gizli Stille Hilfe qrupunun aparıcı üzvlərindən biri olduğu da bildirilir.
Qeyd edək ki, Nasist rəhbərliyi zamanı SS-ə komandanlıq edən Henrix Himmler, 1945-ci ildə İngilislər tərəfindən nəzarətdə saxlanıldığı zaman intihar etmişdi.
Müxalifət.az