İranda su etirazları böyüyür, polis nümayişçiləri güllələyir - ŞOK GÖRÜNTÜLƏR

Baxış sayı:
5528

İranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb.

Belə ki, təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet İran hakimiyyətinin etirazçıları dağıtmaq üçün silah tətbiq etməsini qınayıb. Komissar etirazçılara qarşı qaba gücdən istifadə edildiyinə dair çoxsaylı dəlillər olduğunu bildirir.

Xəbər verildiyi kimi, Xuzestan sakinlərinə dəstək olaraq iyulun 25-də Təbriz sakinləri də küçələrə çıxmışdı və minlərlə təbrizli “Azərbaycan, Əl-Əhvaz”, “İttihad” şüarları səsləndirmişdilər.

Ötən gün paytaxt Tehranda da etirazlar olub və yüzlərlə adam şəhərin mərkəzi prospekti ilə yürüş edib. Təhlükəsizlik qüvvələri etirazçıları müşaiyət edib, amma onlara müdaxilə etməyib və aksiya ciddi insident olmadan başa çatıb.

Xuzestan əyalətində etirazları alovlandıran səbəb quraqlıq fonunda yaranan kəskin su qıtlığı olsa da narazılığın əsas səbəbi etnik ərəblərə qarşı diskriminasiyadır. İranın neft-qaz ehtiyatlarının az qala yarısı bu bölgədə yerləşsə də əhali olduqca kasıb yaşayır, üstəlik Xuzestan bölgəsindən keçən çayların səmti illər əvvəl dəyişdirilərək başqa bölgələrə yönləndirilib.