İranla sərhəddə əməliyyat: 2 NƏFƏR TUTULDU, 1 NƏFƏR QAÇDI

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, ötən gün DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Məlumata görə, iyunun 28-də saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.
Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılan vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il təvəllüdlü Heydər Əkbərov və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Babək Həsənov olmaları müəyyən edilib.
Hadisə yerindən qaçan üçüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.