İsveçrə üç Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Baxış sayı:
163

İsveçrə hökuməti Avropa İttifaqının qərarlarına uyğun olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketini genişləndirib.

Yeni qərar çərçivəsində sanksiya siyahısına üç Azərbaycan vətəndaşı da daxil edilib.

Rəsmi məlumata əsasən, sanksiyalara məruz qalan şəxslər Anar Mədətli, Tələt Səfərov və Etibar Eyübdur. İsveçrə tərəfi onların guya "2Rivers" adlı enerji və treydinq qrupu ilə əlaqəli olduqlarını iddia edir.

Məlumatda bildirilir ki, sanksiyalar çərçivəsində adıçəkilən şəxslərin İsveçrə ərazisindəki mümkün aktivləri dondurula, həmçinin onlara qarşı maliyyə əməliyyatları və biznes fəaliyyətləri ilə bağlı məhdudiyyətlər tətbiq oluna bilər. Eyni zamanda səyahət və tranzit imkanlarına da qadağaların gündəmdə olduğu istisna edilmir.

İsveçrə hökuməti qərarı Rusiyaya qarşı beynəlxalq təzyiq mexanizmlərinin gücləndirilməsi ilə izah edir. Rəsmi Bern vurğulayır ki, qəbul edilən tədbirlər Avropa İttifaqının sanksiya rejimi ilə uyğunlaşdırılıb və regional koordinasiya prinsiplərinə əsaslanır.

Qeyd edək ki, sanksiyaya məruz qalan şəxslər və ya "2Rivers" qrupunun özü tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Müşahidəçilərin fikrincə, bu qərar post-sovet məkanında fəaliyyət göstərən enerji və treydinq strukturlarına qarşı Qərbin təzyiqlərinin yeni mərhələyə keçdiyini göstərir.

Məsələ beynəlxalq və regional mediada geniş müzakirə olunur və yaxın günlərdə rəsmi reaksiyaların veriləcəyi istisna edilmir./musavat.com