Lirəni çökdürən səbəblər: YENİ SİSTEM NƏ EDƏ BİLƏR? – ŞƏRH

Türkiyədə gedən proseslər, xüsusilə türk lirəsinin dəyərdən düşməsi süni proses deyil. Bunun həm iqtisadi, həm siyasi, həm də sosioloji səbəbləri var.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, hazırda Türkiyənin iki böyük problemi mövcuddur:
“Birincisi, həm özəl sektorun, həm də dövlət qurumlarının böyük həcmdə xarici borcu var. Ümumi borc az qala yarım trilyon dollara yaxınlaşır. Borcun bu qədər yığılması təbii ki, borca görə valyutanın xaricə çıxmasını sürətləndirir. Bu da türk lirəsinin dəyərdən düşməsinə səbəb olur. İkinci iqtisadi səbəb isə ticarət dövriyyəsində mənfi saldodur. Türkiyə nə qədər ixracatçı ölkə olsa da, ölkəyə idxal olunan məhsulların həcmi daha çoxdur. Hər ay təqribən 4-5 milyard dollarlıq mənfi saldo yaranır. Bu da ölkədən valyutanın daha çox axmasına səbəb olur”.
Ekspert vurğulayıb ki, bəzi siyasi səbəblər də türk lirəsinin ucuzlaşmasını sürətləndirir:
“Son iki ildə dünyada belə fikir formalaşıb ki, Türkiyədə mülkiyyət toxunulmazlığı və məhkəmələrin müstəqilliyi ilə bağlı problemlər var. Bu da xarici yatırımçıların Türkiyədən çıxmasına səbəb olur. Təsadüfi deyil ki, son iki ildə Türkiyədən ciddi kapital çıxışı var. Hər həftə ölkədən, ortalama götürsək, təqribən 100-150 milyon dollar pul çıxır. Əvvəllər isə Türkiyə cəlbedici ölkələrdən biri idi. Avropadan, ABŞ-dan, Yaxın Şərqdən, ərəb ölkələrindən çoxlu investisiyalar qoyulurdu. Bu da ölkəyə valyuta axınını təmin edirdi. Yəni həm siyasi, həm iqtisadi amillər türk lirsəsinin dəyərdən düşməsinə və iqtisadi proseslərə getdikcə daha çox təsir göstərir”.
Ekspert vurğulayıb ki, indi Türkiyə yeni bir sistemə keçib:
“Əslində Türkiyə prezidentin qərarlarından asılı olan bir sistemə keçir. Bu sistemin müsbət cəhətləri ilə yanaşı, mənfi tərəflərinin də olacağı istisna edilmir. Yəni iqtisadi sahədəki problemlərin aradan götürülüb-götürülməyəcəyi bu sahədə hansı addımların atılmasından asılı olacaq. Burada maraqlı olan digər məqam isə iqtisadi komandanın kimlərdən ibarət olacağıdır. Yəqin ki, gələn həftə seçkilərin nəticələri rəsmi olaraq, təsdiqlənəndən sonra Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq”.
Ekspertin sözlərinə görə, Türkiyə hökumətində ciddi struktur dəyişiklikləri də gözlənilir:
“Nazirliklərin sayı azaldılacaq, iqtisadi blok bir nazirlikdə birləşdiriləcək. Bütün bunların bazar tərəfindən necə qəbul ediləcəyi gələcəkdə türk lirəsinə və iqtisadi vəziyyətə ciddi təsir göstərəcək. Əgər Türkiyədə bazar iqtisadiyyatı və liberal iqtisadi model davam edərsə, bir müddət sonra yatırımçıların – xarici şirkətlərin, xarici fondların və daxili yatırımçıların bu ölkəyə inamı bərpa oluna bilər və Türkiyədə vəziyyət stabilləşər”.