Əliyev TDT-nin 13-cü Zirvə toplantısına qatılacaq?

Çox gözləməyə gərək qalmadı: AQEM tədbirində Türkiyə xarici işlər naziri Hakan Fidanın rəsmi Bakının ən “əziz qonağı” sayılan İsrail prezidenti Hersoq üçün təşkil etdiyi “sürpriz” və ardınca da hakimiyyət mediasının artıq birbaşa Türkiyə kəşfiyyatını hədəfə alan materiallar yayıb sonra da silməsi, Vətən Savaşında bizə misilsiz dəstək vermiş Ərdoğan və AKP hökuməti əleyhinə çıxışların davamlı təşviqi və bütün bunların fonunda isə prezident Ərdoğanın bu gün Müstəqillik Günü münasibətiylə Azərbaycan xalqına ünvanladığı təbrik cəmiyyətimizin cavab axtardığı “Məktəblərdəki hicab qadağasına nə ehtiyac vardı?” sualına da qismən aydınlıq gətirir.
Artıq o düşüncə yaranır ki, “hicab qadağası” Azərbaycan hakimiyyətinin bundan sonra həm Türkiyə, həm də İranla məsafəli davranması, İsrail, Rusiya və Çinlə münasibətlərini yaxşılaşdırması, eyni zamanda, özünü digərləriylə müqayisədə daha sekulyar müsəlman idarəedici qismində göstərib Qərblə pozulmuş əlaqələri də bərpa etməsi məqsədiylə təşkil edilən çox riskli bir siyasi əməliyyatdır.
Bunun belə olub-olmadığının dəqiq işartıları isə, çox güman ki, oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısında daha aydın görünəcək.
Çünki “Türk əsri: dildə, fikirdə, işdə birlik” şüarı altında keçirilməsi planlaşdırılan bu tədbirdə həm təşkilata üzv ölkələr arasında daha dərin inteqrasiyayaya imkan verən layihələrin müzakirəyə çıxarılması gözlənilir, həm də Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verməlidir.
15 oktyabrda Bakıdakı tədbirdə TDT-yə üzv ölkələrin təmsilçilərinin Hakan Fidanla ortaq hərəkət etməməsi İsrailə münasibətdə təşkilatdakı ciddi fikir ayrılığını növbəti dəfə üzə çıxarmaqla, Türkiyənin gələcəkdə Rusiya və ya Çinlə bağlı siyasətində də bu ölkələrə hələ güvənə bilməyəcəyi gerçəyini ortaya qoyur.
TDT-nin aqibəti isə Azərbaycandan, onun Türkiyə ilə münasibətlərinin gələcək xarakterindən, istiqamətlərindən çox asılıdır!
Deməli, prezident İlham Əliyevin prezident Ərdoğanla görüşü artıq siyasi zərurətə çevrilib və bu görüş neçə vaxtdır media üzərindən aparılan informasiya savaşına necə yekun vurulacağına, Türkiyə və Azərbaycanın bundan sonra yanaşı addımlayıb-addımlamayacağına, TDT-də necə hərəkət edəcəklərinə və hətta TDT üzvlərinin İslam dünyasının yeni özünümüdafiə birliyi kimi qurulması planlaşdırlan “Məkkə İttifaqı”nda təmsil olunub-olunmayacaqlarına da aydınlıq gətirəcək.
O fakta da mütləq diqqət çəkmək gərəkdir ki, oktyabrın 15-də Bakıda keçirilən tədbirə qatılmayan Türkiyə prezidenti Ərdoğan da TDT-də çox önəmli yer tutan Özbəkistanın təmsilçisini - prezidentin qızı və gələcək siyasi varisi Səidə Mirziyoyevanı Ankarada qəbul edirdi...
Beləliklə, indi ən mühümü qarşıdakı 10 gün içərisində baş verəcək hadisələr və bu hadisələrin 29-30 oktyabrda Ankarada keçiriləcək TDT zirvəsindəki Ərdoğan-Əliyev görüşünü pozub-pozmayacağı riskidir.
Həm Türkiyədə, həm də Azərbaycanda bu ölkələrin yaxınlaşmasını istəməyən “üçüncü tərəf”lərin əliylə elə vəziyyət yaradıla, elə informasiyalar, kompromatlar dövriyyəyə buraxıla bilər ki, münasibətlər getdikcə daha da gərginləşər və son illər çıxışlarında emosional, sərt ritorikaya üstünlük verən prezident Əliyev Türkiyəyə getməkdən imtina da edə bilər!
Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə münasibətlərinin gərginləşməsində əsas katalizator kimi çıxış edən İsraildə oktyabrın 27-də gələcək hökumətin aqibətini müəyyənləşdirəcək seçkilər olacaq və Qəzza qatili Netanyahu da bu seçkidə qalib gəlmək üçün hər cür hiyləyə, fitnəkarlığa, hətta İrana qarşı hərbi əməliyyatların bərpasına da əl ata bilər, deməli, qarşıdakı 10 gün ərzində ən aktiv əməliyyat meydançalarından biri yenə məhz Azərbaycan olacaq!
Ən pisi də odur ki, hicab qadağası qərarı və bu qadağanın da inadkarlıqla icrasına çalışılması ilə çoxsaylı problemlərin mövcud olduğu ölkəmizdə sabitliyə, təhlükəsizliyə və ictimai asayişə cavabdeh qurumların onsuz da ağır olan iş yükü xeyli artırılıb, əməliyyat şəraiti hədsiz mürəkkəbləşdirilib. Necə deyərlər, bütün diqqətlər məharətlə tamam fərqli bir istiqamətə, ünvanlara yönləndirilib və əsas düşmən kimi də “islamçılar”, “hicablılar” göstərilir!
Digər ölkələrin çox da uzaq olmayan tarixi təcrübəsi göstərir ki, belə situasiyalarda “hökumət-islamçı” qarşıdurması həmişə əsas əməliyyatı təşkil edən ölkə üçün vacib örtük, çətir rolunu oynayır.
Çox təəssüf ki, ölkə üçün hədsiz riskli bir şəraitdə hakimiyyətin başı eyş-işrətdən, içki məclislərindən ayılmayan harın və əxlaqsız təbliğat şəbəkəsi dayanmadan həm bu gərginliyi daha da alovlandırmaq və informasiya çirkliliyini artırmaq xətti seçib, həm də Türkiyə ilə münasibətləri “kompromat savaşı” həddinədək gətirməyə cəhd göstərir!
Anlamaq istəmirlər ki, nankor xislətlərinə uyğun olaraq apardıqları bu təbliğat gerçək düşmənlərimizin əlinə oynamaqla, hər tərəflə körpüləri yandırmağa, hakimiyyətin həm daxildən, həm xaricdən dayaqlarının qopmasına, təklənməsinə, özünütəcridə gətirib çıxaracaq və sonda da ölkəni qarşısıalınmaz xaosa salacaq!
Dönün, bir özünüzə baxın, münasibətləri gərginləşdirməyin, əyləşdiyiniz budağı da baltalamayın! Yoxsa yıxılan və o budağın altında xıncım-xıncım əzilən də elə özünüz olacaqsınız!
Elxan ŞÜKÜRLÜ








































