Məktəbdə təmir başladı: QONŞULARIN HƏYƏTİ UÇDU - Video

Baxış sayı:
4210

Sabunçu rayonun Maştağa qəsəbəsində yerləşən 187 nömrəli məktəbdə aparılan təmir işləri ətrafda yaşayan sakinlərə problem yaradıb.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, işdən evə qayıdan qonşular evlərinin hasarının dağıdıldığını görüblər. Redaksiyaya müraciət edən sakinlərin sözlərinə görə, onlara hər hansı söküntü barədə xəbərdarlıq edilməyib, ümumiyyətlə, bu təmirin onlara hər hansı aidiyyəti haqda rəsmi, yaxud qeyri-rəsmi heç bir bildiriş almayıblar.

Sakinlər bildirib ki, evləri qanunidir və küpçalıdır. Buna baxmayaraq, evlərinin hasarları dağıdılıb və bunu şəxsi mülkə təcavüz hesab edirlər.

Söküntü zamanı həmçinin evləri qazla təmin edən əsas qaz xətti də zədələnib.

Təmir işləri aparılan məktəbin qarşısında yerləşdirilən lövhədə sifarişçinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Deportamenti, podratçı şirkətin isə “Ximeksperss-2000” olduğu qeyd edilib.

Baş vermiş məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə nümayəndəsi Əlican Xəlilov axar.az-a  açıqlamasında bildirib ki, söküntü özbaşına aparılmır və sakinlərə də əvvəlcədən məlumat verilib:

“Bizim vətəndaşların mənzilləri ilə heç bir işimiz yoxdur. Sökülən hasarlar hamısı məktəbin balansına daxildir. Özbaşına zəbt edilib, bu səbəbdən də sökülür. Hazırda təmir gedir və perimetr hazırlanır ki, məktəbin balansına aid olan hissə ayrılsın. Bu həm də o məqsədlə aparılır ki, hər hansı yanğın hadisəsi baş verərsə, ərazidə yanğınsöndürən maşınlar daxil ola bilsin. Vətəndaşlara bu barədə əvvəlcədən məlumat verilmişdi, xəbərdarlıq da edilmişdi. Biz tikintiyə görə heç kəsin sənədli evini və ya həyətini zəbt etməmişik, etmərik də. Məktəbə aid olan ərazini bərpa edirik”.

Qeyd edək ki, məktəb yaxınlığında yerləşən evlərin həyətləri çoxdan hasarlanıb və bu vaxta qədər onlara həyətlərinin qanunsuz olduğu və yaxud məktəbin balansında olan əraziyə keçdikləri haqda heç nə deyilməyib.