Nikol Qarabağa polis göndərdi - MN-DƏN CAVAB

Müdafiə Nazirliyi dəfələrlə bunu bəyan edib, biz bir daha təsdiqini gördük. Ermənistanda demoqrafik vəziyyət o həddədir ki, işğalçı ölkənin səngərlərə çıxarmağa hərbi qulluqçusu çatmır.
Muxalifət.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Musavat.com-a açıqlamasında deyib.
“Ermənilər əvvəllər olduğu kimi, mülki əhalini, qocaları səngərlərə çıxarırlar. İndi də belə bir qərar veriblər, səngərləri doldurmaq üçün daxili qoşunların nümayəndələrini işğal olunmuş ərazilərə göndərirlər. Fakt budur ki, Ermənistanda demoqrafik, iqtisadi vəziyyət ağırdır, silah-sursat çatışmazlığı hökm sürür. Biz dəfələrlə bəyan etmişik, beynəlxalq təşkilatlara da bildirmişik ki, Ermənistan işğalçıdır. Ermənistan növbəti dəfə öz simasını bu şəkildə göstərdi, işğalçı dövlət olduğunu açıq-aşkar bir daha nümayiş etdirdi”.
MN rəsmisi Ermənistanın bu yolla Azərbaycanda keçirilən hərbi təlimlərə, müharibə hazırlıqlarına “cavab” vermək cəhdini mənasız sayıb:
“Biz bəyan etmişik, hərbi təlimlərimiz müəyyən olunmuş vaxtda və istiqamətdə, plan üzrə davam etdirilir”.
V.Dərgahlı onu da qeyd etdi ki, Ali Baş Komandanın əmr verəcəyi halda, Qarabağda Ermənistanın hansı qüvvələrinin yerləşdirilməsinin heç bir əhəmiyyəti olmayacaq.
Qeyd edək ki, Ermənistan hökuməti Daxili Qoşunları sərhədə yeritmək haqqında qərar qəbul edib.
Artıq polisin rəhbəri Valeri Osipyana bu barədə Müdafiə Nazirliyindən təklif gəlib və o bunu qəbul edib. Təklifin təşəbbüskarı kimi Baş nazir Nikol Paşinyan çıxış edib.