ÖLÜMLƏ TƏHDİD OLUNAN GÖYGÖL SAKİNİNİN ŞİKAYƏTİNƏ BAXILMIR – Babək Əliyev: “Böyük və qorxunc cinayətə zəmin hazırlanır…”

Baxış sayı:
1528

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əliyev Babək Ramiz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“09.05.2021-ci il tarixində, səhər saatlarında oğlum Tunar Əliyev küçə ilə gedərkən Mehman Quluyevin 11 yaşlı oğlu Əli Quluyev ona qarşı çirkin söyüş işlətmiş və aralarında dava olmuşdur. Bunu görən əmisi Rasim Quluyev öz oğlunu - Əlif Quluyevi köməyə göndərək, “buraxmayın, vurun öldürün” - söyləyir. Hadisə şahidlərinə icazə vermir ki, uşaqları ayırsınlar. Daha sonra, günorta saatlarında - təxminən 14-00 radələrində mən, Əliyev Babək Ramiz oğlu, Mehman Quluyevin yaşadığı evin yaxınlığından keçəndə Mehman Quluyev məni görən kimi “oğlunun ipini yığ, mənim oğluma əl qaldırıb” - dedi. Mən ona cavabında “təqsir sənin oğlundadır, söyüş söyüb”- dedim. O, daha da hiddədləndi və qəzəblə mənə yaxınlaşaraq məni ölümlə hədələdi, “səni qanlayaram, sənin ağzını qıraram, səni məhv edərəm, sən hələ məni tanımırsan” – deyərək, yumuruqla sinəmə vurdu. Eynilə oğlum Tunara əlindəki ağac dəyənəyi göstərib, səni ağaca çəkərəm, səni ağacla döyərəm”, - söylədi.
Baş vermiş hadisə ilə bağlı dərhal 102 polis xidmətinə məlumat verib, Mehman Quluyevdən şikayətçi olduğumu bildirdim. Hadisəni və şikayəti araşdırmaq Göygöl polis şöbəsinin Mollacəlilli kənd üzrə sahə rəisi Elçin Səfiyarova tapşırılsa da, o, təqsirkarı cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, birmənalı şəkildə, açıq-aşkar təqsirli şəxsi - Mehman Quluyevi müdafiyə və himayə etmişdir. Şikayətçi məlum, təqsirli şəxs məlum, ancaq polis əməkdaşı Elçin Səfiyarov qanuna aid heç bir iş görməyib, təqsirli Mehman Quluyevlə ancaq proflaktiki söhbətlər aparmaqla işi onun marağına və məqsədinə uyğun yekunlaşdırmışdır.
Baş vermiş cinayət tərkibli hadisəyə və təqsirli şəxsin cinayət əməlinə göz yumaraq yaranmış cinayət tərkibli hadisəyə adi hal kimi rəy verir və təqsirli Mehman Quluyevi qanuna zidd olaraq  məsuliyyətdən azad edir. Elçin Səfiyarov cinayət hadisəsinin gizlədilməsində, ört-basdır olunmasında, eləcə də bilərəkdən işin qəsdən yubadılmasında əlindən gələni etmişdir. Cinayət  tərkibli hadisəsin hüquqi müstəvidə, ədalətli və şəffaf şəkildə həll olunmaması ilə bağlı dəfələrlə 102 xidmətinə şikayətimi bildirmişəm. Daha sonralar öyrəndim ki, Elçin Səfiyarovla Mehman Quluyevin atası Əliqaya Quluyev möhkəm dost imişlər. Çoxsaylı şikayətlərimə görə, cinayət işi Elçin Səfiyarovdan alınıb, təhqiqat bölməsinə Araz Alməmmədliyə ötürüldü. Çox təəssüf ki, yenə də heç nə dəyişmədi, qanunla təhqiqat bölməsi hadisə yerinə baxış keçirməli, səbəbkar öyrənilməli idi. Ancaq Araz Alməmmədli heç bir təhqiqat aparmadan, sadəcə qarşı tərəfin - Mehman Quluyevin telefonuna zəng edərək, onun barəsində təqsirsiz kimi ədalətsiz və qanuna zidd yekun qərar verib. Onsuz da heç bir cinayətkar özünü təqsirli, yaxud da etdiyi cinayəti böyük xəta saymır.
Mən şikayətçi və haqlı ola-ola “böhtançı” olmuşam. Halbuki, Mehman Quluyev istintaqa çağrılmalı, orada dindirilməli idi. Ancaq təəssüf ki, nə Elçin Səfiyarov, nə də Araz Alməmmədli ciddi təhqiqat aparmadılar. Tarix və faktlar göstərir ki, həmişə ölümlə hədələmə böyük və qorxunc cinayətlərə ilkin başlanğıc olub. Araz Alməmmədli və Elçin Səfiyarovun Mehman Quluyevi məsuliyyətdən uzaq tutmaları, onu öz doğmaları tək himayə etmələri bəlkə də növbəti qorxunc cinayətə zəmin yaradır. Bütün bunları nəzərə alaraq, tapdanan hüqüq və haqlarımın bəpasını və təqsirli Mehman Quluyevin cinayət məcəlləsinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Bundan  əlavə, vəzifələrindən sui-istifadə hallarına yol verən, baş vermiş cinayət tərkibli hadisəyə göz yumduqlarına görə Elçin Səfiyarov və Araz Alməmmədlinin vəzifələrinə xitam verilməsini  tələb edirəm”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.