“ORDU VƏZİYYƏTİ NƏZƏRDƏN KEÇİRİR” – “İran bunu edərsə, misli görünməmiş zərbə alacaq”

"Öldürülməməli olan insanlar öldürülüb... Əgər onları belə adlandırmaq olarsa, bu "liderlər" zorakılıqla idarə edirlər və biz buna çox ciddi yanaşırıq. Ordu vəziyyəti nəzərdən keçirir və biz bir neçə çox çətin variantı nəzərdən keçiririk".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, İran rəhbərliyinin ABŞ ilə danışıqlar istədiyini və "görüşün hazırlıq mərhələsində olduğunu" bildirib. Lakin o, Vaşinqtonun bundan əvvəl "hərəkətə keçməli" olacağını istisna etməyib.
Tramp xəbərdarlıq edib ki, İran Amerikanın regiondakı hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ "misli görünməmiş zərbələr" endirəcək.
O əlavə edib ki, ABŞ İranda etirazların yatırılmasına qarşı güclü cavab tədbirləri görməyi düşünür. Bu etirazlarda, onun dediyinə görə, 496 nümayişçi də daxil olmaqla 544 nəfər həlak olub.
Tehranın Vaşinqtonun etirazçıların öldürülməsinə qarşı əvvəllər müəyyən etdiyi "qırmızı xətti" keçib-keçmədiyi barədə suala Ağ Ev rəhbəri "Görünür, onlar bunu etməyə başlayırlar" cavabını verib.
Bu arada ABŞ administrasiyasındakı mənbələr "Politico"ya bildiriblər ki, Trampa İrana qarşı tədbirlər üçün təqdim edilən variantlar arasında ölkə daxilindəki hədəflərə hücumlar və kiberhücumlar nəzərdən keçirilir. Onların sözlərinə görə, ABŞ mülki əhali üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcək addımlardan qaçmağa çalışır və İran silahlı qüvvələrinə qarşı tədbirlərə üstünlük verir. Lakin mənbələrdən biri əlavə edib ki, Trampın ölkəyə Amerika qoşunları göndərmək planı yoxdur. Eyni zamanda, ABŞ etirazçılara internet çıxışı təmin etmək üçün “Starlink” terminallarının çatdırılması imkanlarını araşdırır.
“Reuters”-in məlumatına görə, Tramp həmçinin İran müxalifət liderləri ilə əlaqə saxlayır.
HRANA insan haqları təşkilatının məlumatına görə, son iki həftə ərzində İranda 10 mindən çox etirazçı həbs olunub və təxminən 500 nəfər öldürülüb. İran rəsmiləri əvvəllər Trampın etirazlara müdaxilə edəcəyi və ölkəyə qarşı hava hücumları əmri verəcəyi təqdirdə bölgədəki ABŞ hərbi bazalarına hücum edəcəyinə söz vermişdilər.








































