Paşinyan BMT tribunasından Azərbaycanı ittiham etdi - VİDEO

Baxış sayı:
8230

Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən baş nazir Nikol Pashinyan Azərbaycan prezidenti İlham Əliyevi “onun təklif etdiyi formulu qəbul etməyə və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə şərait yaratmağa” çağırıb:
AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki,  erməni baş nazir deyib: “İstənilən həll Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün birlikdə işləməliyik”.
Ermənistanın baş naziri çıxışında deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regionun stabillik və təhlükəsizliyi üçün həlledici əhamiyyətə malikdir.
Lakin Pashinyan əlavə edib ki, “Azərbaycanın ali hakimiyyəti öz mövqelərində qalır və Qarabağ məsələsinin müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul həllinə can atır”.
“Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll etmək niyyətində deyil. Bunun əvəzində onlar Dağlıq Qarabağ xalqına qalib gəlmək istəyirlər. Onlar kompromisə getmək istəmirlər”.
Nikol Pashinian 2018-ci ilin mayında Ermənistanda hakimiyyətə gəldikdən sonra Azərbaycan və Ermənistanın başçıları, xarici işlər nazirləri bir neçə dəfə ikitərəfli və çoxtərəfli danışıqlar keçiriblər.
Ermənistanın baş naziri bundan əvvəlki bəyanatlarında Dağlıq Qarabağı sülh prosesinin tərəfi kimi tanıdığını bəyan edib.
Rəsmi Bakı belə açıqlamalara münasibətində daim qeyd edir ki, münaqişənin tərəfləri kimi yalnız Azərbaycan və Ermənistan respublikaları çıxış edə bilərlər.
Azərbaycan tərəfi Dağlıq Qarabağdakı rejimi separatçı sayır və ölkənin işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edir.