Pomidor qeyri-neft ixracatında BİRİNCİ OLDU

Rusiya bazarından asılılıq davam edir 018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün buraxılışında əksini tapıb. Buraxılışdan məkum olur ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində ixracın 223,2 milyon dolları Rusiyaya, 154,3 milyon dolları Türkiyəyə, 69,9 milyon dolları Gürcüstana, 56,5 milyon dolları İsveçrəyə və 19,1 milyon dolları Çinə həyata keçirilib. Bu ilim yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul 96,8 milyon dolları dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Həmçinin cari ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında ikinci yeri elektrik enerjisi (53,3 milyon ABŞ dolları) və üçüncü yeri qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon ABŞ dolları) tutub. Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb. Cari ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 182 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 milyon ABŞ dolları),Türkiyə (27,1 milyon ABŞ dolları), İsveçrə (16,9 milyon ABŞdolları), Gürcüstan (13,5 milyon ABŞ dolları) və Niderland (6,3 milyon ABŞ dolları) qərarlaşıb. 2018-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (54,3 milyon ABŞ dolları), kartof (16,3 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,1 milyon ABŞ dolları) isə üçüncü olub. Tomat ixracını aylar üzrə təhlil etdikdə isə aydın olar ki, bu ilin may ayında ixracatçılarımız bu sahədə rekorda nail olublar. “İxrac İcmalı”nda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, "Metalçılar-2" MMC təmsil olunub. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.