Prezidentin qohumu qadını elektroşokla vurdu və... - DÖVLƏT KANALINDA GÖSTƏRİLƏN ŞOK KADRLAR

"Qroznı" teleradiokompaniyası Qroznı şəhərinin keçmiş meri İslam Kadırovun yerli sakinlərlə qəddar davranışı, o cümlədən, onları elektroşokla vurmasıyla bağlı süjet yayımlayıb.
Çeçenistan rəhbəri İslam Kadırovu vəzifəsindən azad etmiş, amma o, sonrakı illərdə də bölgə rəhbərliyində yüksək postlar tutmaqda davam etmişdi.
"Bu, quraşdırılmış səhnə deyil"
Veriliş cümə axşamı efirə gedib. Süjetdə Çeçenistanın rəhbəri Ramzan Kadırovun qohumu İslam Kadırova bənzəyən şəxs bir qadını elektroşok cihazıyla vurur. Jurnalist bildirir ki, "Görüntü gizli kamerayla çəkilməyib, quraşdırılmış səhnə də deyil".
"Qroznı" Çeçenistan Dövlət Teleradio Şirkətinin müxbiri efridən bildirir ki, təhdid və zorakılıq səhnələri keçmiş merin şəxsi operatoru tərəfindən lentə alınıb.
"Hara qoymusan onları? Hara qoymusan?"deyə İslam Kadırov ağlayan qadının üstünə qışqırır.
"Biz Qroznının keçmiş meri İslam Kadırovun Çeçenistan Respublikasının başçısı tərəfindən nə üçün vəzifədən kənarlaşdırıldığının səbəbini öyrənmişik" - kadrarxası səs belə deyir. On dəqiqədən çox davam edən süjetdə İslam Kadırovun vəzifə səlahiyyətlərini aşması faktlarından bəhs edilir.
Baş verənlər vergi ödəməyənlərə, fırıldaqçılara, narkotik və alkoqol məhsulları satanlara qarşı mübarizə kimi təqdim edilib.
Jurnalist deyir ki, "Keçmiş merin uğurlarını qeyd etməmək olmaz, onun dövründə şəhərdə yaxşılığa doğru xeyli dəyişiklik olub".
"Yaxşı məqsədlər üçün olmuş olsa belə, İslamın yolverilməz üsullardan istifadə etdiyi üzə çıxanda Çeçenistan respublikasınını başçısı Ramzan Kadırov onu vəzifəsindən kənarlaşdırıb" - Çeçenistan rəhbərinin mətbuat katibi Alvi Kərimov xəbəri belə şərh edib.
Ancaq süjetin müəllifi İslam Kadırovun nə üçün bundan sonra da yüksək postlarda çalışmasını izah etməyib.
32 yaşlı İslam Kadırov 2012-ci ildə Qroznının meri seçilmişdi, 2015-ci ildə isə Çeçenistan rəhbərinin administrasiyasına, daha sonra hökumətə rəhbərlik edib.
Süjetdə bildirilir ki, videomaterial televiziyaya təzəlikcə ötürülüb və telekanalın əməkdaşları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər.
"İnsanları cəhənnəmə vasil edirik"
"Mən səni öldürəcəm. Mən səni öldürəcəm. Mən bunu qəsdən kameraya deyirəm" - Qroznının keçmiş meri kimi təqdim edilən şəxs qarşısında durmuş qadına belə deyir.
Sonra o, qadına yaxınlaşıb soruşur: "Sən götürmüsən?"
"Götürməmişəm" - Çeçenistan sakini cavab verir.
"Deməli, götürməmisən?" - həmin şəxs elektroşokla qadının əlinə vurur.
"Qroznı"nın əməkdaşı iddia edir ki, İslam Kadırov mütəmadi olaraq vəzifə səlahiyyətlərini aşıb, şübhəli şəxsləri saxta ittihamlarla təhdid edib.
Telekanalın əməkdaşı bu qadının fırıldaqçı olduğunu, yeni yaşayış evləri tikilən kəndin sakinlərini aldatdığını deyir. Jurnalistin versiyasına görə, İslam Kadırov bu üsulla onu etirafa məcbur etməyə çalışıb.
Başqa bir epizodda süjetin qəhrəmanı qadını terrorçulara maliyyə dəstəyi ittihamıyla qorxudur:
"Bax, biz beləcə istədiyimizi uydurub insanları cəhənnəmə vasil edirik".
Sonra o, növbəylə digər iki qadına müraciət edir: "Ya cərəyan verib səni öldürəcəm, sonra da haqqında məsciddə danışacam, ya da səni...". Qadınlardan biri cavab verir ki, elə indi ölməyə hazırdır. İslam Kadırov kimi təqdim edilən şəxs iş masasının üstündəki əşyalardan birini onun üstünə atır.
Süjetin qəhrəmanı regionun tanınmış adamlarını da təhdid edir. Məsələn, Qroznı məhkəmələrindən birinin sədrinə deyir ki, cibinə bir şey qoydurar.
Kamera qarşısında bir şəxsi döyən yüksək çinli orqan işçisi haqqında da süjetdə məlumat verilmir.
Kadırovun mətbuat katibi telekanala açıqlamasında İslam Kadırova hörmət etdiyini, amma davranışını qınadığını deyib. DİN-in Qroznı üzrə cinayət axtarışı idarəsinin şöbə rəisi Salambek Mutiyev bildirib ki, videomateriallar üzrə yoxlama başladılıb, prosessual qərar veriləcək.
İslam Kadırovsa baş verənləri şərh etməyib.
İslam Kadırov kimdir?
İslam Kadırov Çeçenistanın başçısı Ramzan Kadırovun qohumudur. 2012-ci ildə Qroznı meri seçilməklə Rusiya tarixində bu vəzifəni daşıyan ən gənc vətəndaş statusunu qazanıb.
Bu vəzifədə 8 iyul 2015-ci ilə qədər çalışandan sonra Çeçenistan rəhbərinin administrasiyasına göndərilib. Daha iki il sonra onu Çeçenistan baş nazirinin müavini təyin ediblər.
2017-ci ilin noyabrında İslam Kadırovu bu vəzifəsindən də azad edərək artıq hüquq-mühafizə orqanlarında çalışacağını bildiriblər. Ötən ilin avqust ayında Çeçenistan parlamentinin sədri Maqomed Daudov deyib ki, İslam Kadırov artıq tamamilə hakimiyyətədən uzaqlaşdırılıb.
"O, bütün üstünlüklərindən və vəzifədə olduğu müddətdə qazandıqlarından məhrum edilib" - Daudov "Kafkas Realii" nəşrinə belə deyib.
Ötən həftə Çeçenistanın müxalif mövqeli bloqçusu Tumso Abdurahmanov bildirib ki, dövlət kanalının bütün süjetlərindən İslam Kadırovun görüntülərini kəsirlər. Məsələn, İordaniya kralı II Abdallanın Çeçenistana səfəriylə bağlı arxiv kadrlarında Kadırovun arxasında dayanan şəxsin üzü retuş edilib.
Keçən həftə "Novaya qazeta"da "Kadırovun yaxın ətrafında təmizləmə işləri" haqqında məqalə dərc olunub. Müəllif iddia edib ki, İslam Kadırov Çeçenistan rəhbərinin qatı düşmənləri olan Yamadayev qardaşlarıyla əlaqəsinə görə cəzalandırılıb.
Məqalədə adları keçən keşmiş və indiki Çeçenistan məmurları dərhal "Qroznı"nın efirinə çıxıb həbslər və işdən atılmalar xəbərini təkzib ediblər. Qroznıdakı müşavirədə çıxış edən Ramzan Kadırovsa bunları deyib:
"Başdan ayağa uydurmadır. Bu uydurmanın müəllifləri bilirlər ki, dedikləri min faiz yalandır! Amma elə hey yazırlar. Qroznıda heç kim heç kimin ayağını belə basmır, nə quldurluq var, nə küçə cinayətləri. İnsanlar gecə 12-dən sonra da rahat şəkildə küçə və parklarda gəzirlər"./BBC