PUTİNİN DOSTUNUN “SAĞ ƏLİ” HƏBS EDİLDİ - Nədə ittiham olunur?

Rusiya hüquq-mühafizə orqanları Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) keçmiş rəis müavini Konstantin Maxovu külli miqdarda dələduzluq ittihamı ilə (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) saxlayıb.
Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Məlumata görə, o və Rosaviasiyanın keçmiş rəhbəri Aleksandr Neradko Moskvanın Domodedovo hava limanında uçuş-enmə zolağının tikintisi zamanı təxminən 800 milyon rubl vəsaiti mənimsəməkdə ittiham olunurlar.
Məhkəmə Maxovu 9 avqusta qədər həbsdə saxlamaq barədə qərar verib.
Maxov 2008-ci ildən 2017-ci ilə qədər Federal Hava Nəqliyyatı Agentliyinin rəis müavini vəzifəsində çalışıb. O, Fransadakı bir qəsrdə bir neçə milyon avroya başa gələn toy mərasimi keçirdiyi məlum olduqdan sonra istefaya göndərilib.
Daha sonra o, Vladimir Putinin ən yaxın dostu olan milyarder Arkadi Rotenberqlə əlaqəli şirkətlərdə yüksək vəzifələr tutub. Hazırda Maxov "RusximAlyans" MMC, Ust-Luqa Sənaye İstehsalı Xüsusi İqtisadi Zonasının İdarəetmə Şirkəti, Milli Qaz Qrupu və Baltik Kimya Kompleksinə rəhbərlik edir. Media yazır ki, Maxov Rotenberqin “sağ əli”dir.
74 yaşlı Arkadi Rotenberq Putinin uşaqlıq dostu və keçmiş cüdo tərəfdaşıdır. Putin hakimiyyətə gəldikdən sonra Rotenberq böyük dövlət müqavilələri vasitəsilə sərvət toplayıb. Rotenberq tərəfindən 2025-ci ilin sonuna qədər əldə edilən şirkətlərin ümumi dəyəri 168 milyard rubl təşkil edib./azpolitika








































