Qaranlıq keçiddə qara piyada: Bakının bu probleminin həlli üçün işıq ucu görünürmü... - HƏR GÜN İNSAN HƏYATI QURBAN GEDİR

Baxış sayı:
7999

Bu günlərdə Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində paytaxtda ilk dəfə dörd tərəfli piyada keçidi təşkil edilib. Ərazidə sarı kəsişmə toru yaradılıb, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmiş bu dəyişiklik kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, son dövrlər yolların genişləndirilməsi, müasir piyada keçidlərinin, səkilərin tikilməsi ilə piyadaların təhlükəsiz hərəkəti üçün müəyyən işlər görülür. Lakin sutkanın qaranlıq saatlarında işıqlandırılmayan piyada keçidləri hələ də təhlükə mənbəyi olaraq qalır. Piyadalar (onlar əksər hallarda işığı tamamilə udan tünd geyimlərdə olur ) qaranlıq küçədə sürətlə şütüyən avtomobillərin arasından keçərək getmək məcburiyyətində qalırlar. Bir çox hallarda yolda piyada zolağının olduğunu təhlükəsiz məsafədən seçmək mümkün olmur. Nəticədə qəza və piyada ölümləri qaçılmaz olur.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, piyada keçidlərinin işıqlandırılmaması piyadalar üçün ciddi təhlükə yaradır. Ekspertin fikrincə, əslində küçələr mütləq qaydada işıqlandırılmalıdır. Bu Yol Hərkəti Təhlükəsizliyi Konsepsiyasında da öz əksini tapıb.

“Konsepsiyanın tələbi budur ki, görünmə məhdudiyyəti olan şəraitdə müvafiq qaydada işıqlandırılma olmalıdır. Bunun əsas məqsədi yollarda qəzaların sayının azaldılması, müəyyən qədər qarşısını almaqdır. Piyada keçidi yolu təhlükəsiz şəkildə keçmək üçün nəzərdə tutulan hissədir. Birinci növbədə, həmin ərazi kifayət qədər işıqlandırılmalıdır ki, insanlar orada piyada keçidi olduğunu görsünlər. Həmin yerdən hərəkət edən nəqliyyat vasitələrinin görüntüsü məhdudlaşdırılmamalıdır. Nişanlanma işləri aparılmalıdır ki, qarşıda piyada keçidinin olduğunu təxmin etsinlər. Bu həm piyada zolaqlarına, həm də yerüstü və yeraltı piyada keçidlərinə aiddir”, - ekspert deyir.

İşıqlandırılmaya cavadeh orqana gəlincə isə, A. Allahverənov bildirir ki, hər piyada keçidinin özünün tabe olduğu qurum var. Əgər eyni səviyyəli piyada keçidləridirsə, onda bu küçələrin nişıqlandırılmasına cavabdeh olan qurum BŞİH-in nəzdində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsidir. Yeraltı və yerüstü piyada keçidləri isə hansı qurumun balansındadırsa, onlar nəzarət etməlidirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, ilk olaraq piyadaların şüurunda və dünyagörüşündə “Özünü qoru!” prinsipinin möhkəmləndirilməsi istiqamətində maarifləndirmə, təbliğat və təşviqat işləri aparılmalıdır. Nəinki bərbad yol şəraitində, hətta yol hərəkətinin ən mükəmməl təşkil edildiyi, əla infrastruktur olan yerdə də özünü qorumayan piyadanın avtomobillə vurması ehtimalı çox yüksəkdir. Bu sahədə atılacaq digər vacib addım küçə və yolların qaranlıq vaxtı işıqlandırılmasının təmin edilməsidir: "Piyada təhlükəsizliyinin ikinci qızıl prinsipi piyadanı sürücü üçün görünən etməkdir. Bunun da ən yaxşı yolu qaranlıq vaxtı yolları işıqlandırmaqdır. Ona görə də təcili olaraq ən ucqar yaşayış məntəqələrində də küçə və yolların tam olaraq işıqlandırılması təmin edilməlidir. Ən azından ilk mərhələdə bütün piyada keçidlərinin işıqlandırılmasına nail olunmalıdır”.

Problemlə bağlı “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə zəng etsək də, cavab ala bilmədik. Bakı Nəqliyyat Agentliyindən isə virtualaz.org-a bildirilib ki, piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə davamlı olaraq iş aparılır: “Hazırda günün qaranlıq saatlarında, xüsusən də, işıqlamanın zəif olduğu yollarda piyada zolaqları iki komponentli boyalarla boyanır. Bu boyaların bir üstün cəhəti onların işıqqaytarma gücünün olmasıdır. Eyni zamanda, piyada keçidlərinin işıqlandırılması məsələsinə də baxılır. İstisna deyil ki, Bakıda da piyada keçidlərində zəruri olan yerlərdə sürücülərin diqqətini cəlb etmək üçün işıq elementlərindən də istifafə olunacaq”.