RAUF VƏLİYEV 13 İL SONRA NİYƏ “VURULDU”? - 158 milyonluq şübhəli əməliyyat, beynəlxalq sanksiya riski, yoxsa...?

Baxış sayı:
151

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad edilib. 13 ilə yaxın müddətdə bu quruma rəhbərlik etmiş Rauf Vəliyevin  işdən çıxarılmasının səbəbi barədə rəsmi açıqlama verilməsə də, bu qərara təsir göstərən ciddi amillərin olduğu istisna edilmir.

Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, Vəliyevin işdən azad olunmasının bir neçə  mühüm hadisə ilə bağlı olduğunu ehtimal etmək olar.

158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Birincisi, ötən ilin sonunda “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2024-cü il üzrə maliyyə hesabatında diqqətçəkən məqamlar yer alıb. Hesabatı şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, 14 iri müəssisəni birləşdirən və imkanlı dövlət şirkətlərindən biri olan QSC 2024-cü ili zərərlə başa vurub. Belə ki, şirkətin 2023-cü ildə 59,2 milyon manat olan əməliyyat mənfəəti 2024-cü ildə 18,4 milyon manat zərərə çevrilib.

Rövşən Ağayevin sözlərinə görə, Nazirlər Kabineti 2024-cü ilin mart ayında qərar qəbul edib və bu qərara əsasən “Xəzər Dəniz Gəmiçiliyi” başqa bir dövlət müəssisəsinin buraxdığı 158 milyon manatlıq istiqrazı alıb. Hesabatda həmin dövlət müəssisəsinin adı açıqlanmır.

İqtisadçı bildirir ki, bu istiqrazların 158 milyon manatlıq məbləğ bazar dəyəri kimi göstərilib. Lakin QSC istiqrazları bazar dəyərindən ucuz aldığı üçün yaranan 55,6 milyon manat fərq birbaşa şirkətin kapitalının artırılmasına yönəldilib.

Onun vurğuladığına görə, bu artım real xarakter daşımayıb. Çünki kapitalın artırılması zamanı nə pul, nə də əsas vəsait formasında faktiki qoyuluş olub. Hesabatdan görünür ki, bazar dəyəri 158 milyon manat göstərilən istiqrazlar üçün “Xəzər Dəniz Gəmiçiliyi” real olaraq cəmi 102,4 milyon manat ödəyib.

İqtisadçının fikrincə, prosesin ən problemli mərhələsi bundan sonra baş verir. Belə ki, cəmi bir neçə ay sonra həmin istiqrazların yüksək riskli qiymətli kağızlar olduğu açıqlanıb və onlar üzrə 69,6 milyon manat məbləğində dəyərsizləşmə tanınıb.

Sadə dillə desək, rəsmi sənədlərdə 158 milyon manat bazar dəyəri ilə göstərilən, faktiki olaraq 102,4 milyon manata alınan istiqrazların balans dəyəri 88,4 milyon manata düşüb.

 

 

Rövşən Ağayev bildirir ki, buradan belə nəticə çıxır ki, bu əməliyyatı rəsmiləşdirmək üçün borc kağızının dəyəri süni şəkildə şişirdilib. Sonradan isə həmin müəssisənin bu borcu qaytara bilməyəcəyi nəzərə alınaraq borcun demək olar ki, yarısı zərər kimi tanınıb və gələcəkdə geri qayıtmayacağı ehtimalı yüksək olan məbləğ maliyyə hesabatında əks etdirilib.

Rövşən Ağayev xatırladır ki, beynəlxalq kredit reytinq agentliklərinin, o cümlədən “Moody’s”-in təsnifatına görə bu mərhələ 100 faiz defolt riski olan mərhələ hesab olunur. Yəni həmin vəsaitin geri qayıtmama ehtimalı faktiki olaraq 100 faizdir.

Qeyd olunanlar bu əməliyyatla bağlı bir neçə kritik detal ön plana çıxır:

-İstiqrazlar CCC+ səviyyəsinə yaxın kredit riskinə malik kimi qiymətləndirilib;

- Emitentin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən aktivlər "defolt mərhələsi”nə keçirilib;

- 69,6 milyon manatlıq dəyərsizləşmə zərəri birbaşa kapitalda tanınıb;

- Emitentin adı hesabatda açıqlanmayıb.

Ekspertlərinin fikrincə, bu cür yüksək riskli əməliyyatlar dövlət şirkətləri üçün əlavə izah və şəffaflıq tələb edir. Hesabatda əməliyyatın hüquqi əsasları göstərilsə də, risklərin vaxtında idarə olunub-olunmaması sual altındadır.

AZCON faktoru: institusional qarşıdurma və yoxlamalarən aşkarladığı 

Vəliyevin işdən azad olunmasını şərtləndirən ikinci mühüm amil 7 noyabr 2024-cü ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması hesab olunur. Hansı ki, bu struktur yaradıldıqdan sonra ASCO müstəqil statusunu itirərək AZCON-un tərkibinə daxil edilib.

"Qaynarinfo"nun məlumatlara görə, yeni idarəetmə modelinə keçid Rauf Vəliyev və komandasında narazılıq yaradıb. Həmçinin ASCO-nun AZCON-a tabeçiliyinə qarşı daxili müqavimət cəhdləri olub.

2024-cü ilin yay aylarından etibarən AZCON tərəfindən ASCO və tabeli qurumlarda yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində maliyyə və idarəetmə sahəsində ciddi pozuntular aşkarlanıb. Rəsmi açıqlamalar verilməsə də, bu prosesin nəticəsi olaraq ASCO sədrinin birinci müavini Mübariz Cabbarovun vəzifəsindən azad edilməsi faktı təsdiqlənib. Bu isə rəhbərliyin məsuliyyət zonasının geniş olduğunu göstərir.

Beynəlxalq sanksiya riski: ASCO gəmiləri diqqət mərkəzində

Rauf Vəliyevin işdən azad olunmasını şərtləndirən üçüncü və ən mühüm amil kimi Xəzər Dəniz Gəmiçiliyiyə məxsus gəmilərin beynəlxalq sanksiyalara məruz qalması hesab oluna bilər.

Belə ki, "Yeni Sabah"ın iddiasına görə, 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyiyə məxsus və birgə sahibliyində olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Məlumata görə, bu gəmilərdən 2-si birbaşa ASCO-nun balansındadır, 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə ortaq mülkiyyətdədir;

Sözügedən gəmilər Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi bu məsələdə sanksiya tələblərinin pozulmadığını əsaslandırmaq üçün hüquqi apellyasiya prosesinə başladığını açıqlayıb. Lakin nəticələrin və vaxt çərçivəsinin qeyri-müəyyən qalması şirkətin həm əməliyyat, həm də maliyyə perspektivlərinə risk kimi qiymətləndirilir. Müşahidəçilərə görə, belə bir həssas dönəmdə rəhbərliyin dəyişdirilməsi hökumətin risklərin idarə olunması baxımından verdiyi siyasi-institusional mesaj kimi də oxuna bilər.

Uzunmüddətli rəhbərlik və dəyişən şərtlər

Xatırladaq ki, Rauf Vəliyev 2013-cü ildən etibarən ASCO-ya rəhbərlik edib, bundan əvvəl isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. Uzunmüddətli rəhbərlik dövründə şirkət iri struktur dəyişiklikləri, beynəlxalq bazar riskləri və yeni institusional tələblərlə üzləşib.

"Qaynarinfo" qeyd edir ki, müşahidəçilərin fikrincə, məhz bu dəyişən şərtlərə adaptasiya problemləri yekun qərara təsir göstərən əsas faktorlar sırasındadır.

Rauf Vəliyevin işdən azad olunması təkcə kadr dəyişikliyi deyil, dövlət şirkətlərində idarəetmə, risklərin nəzarəti və yeni holdinq modelinə uyğunlaşma məsələlərinin ön plana çıxması kimi qiymətləndirilir. Beynəlxalq sanksiya riski, yüksək məbləğli və riskli maliyyə əməliyyatları, eləcə də AZCON-la institusional ziddiyyətlər bu qərarın arxa planını formalaşdıran əsas elementlər kimi görünür.