Rusiya İrandan muzdlu əsgər yığır? -Səfirlik təkzib edir, amma... - FOTO

Tehranda 18-45 yaş arası iranlılara pul, hərbi təlim və Rusiyaya pulsuz aviauçuş təklif edən vərəqələr və reklamlar peyda olub.
Muxalifet.az xəbər verir ki, xarici KİV-in istinad etdiyi vərəqələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qoşulmaq istəyən iranlılara sərfəli müqavilələr təklif edilir.
Şərtlərə görə, 18-45 yaş arası iranlılara müqavilə imzaladıqları üçün birdəfəlik 20.000 dollar, aylıq isə 2.000 dollar ödəniləcək.
Lakin rəsmi Moskva və Rusiyanın İrandakı səfirliyi bu vərəqələrin və reklamların onlara aid olmadığını iddia edib. Səfirlik bununla bağlı rəsmi təkzib yayımlayıb. Lakin Moskva reklamların həqiqiliyini inkar etsə də, Rusiyanın Yaxın Şərq, Orta Asiya və Kuba da daxil olmaqla, Ukraynada döyüşməyə minlərlə əcnəbini cəlb etmək üçün kölgə şəbəkələrindən istifadə etdiyi məlumdur.
Bu arada “Azadlıq Radiosu”nun İran xidməti vərəqələrdə və reklamlarda göstərilən “WhatsApp” nömrəsi ilə əlaqə saxlayıb. Cavab verən şəxs vərəqələrin Rusiyanın orduya rəsmi cəlb etmə kampaniyasının bir hissəsi olduğunu deyib və hətta kampaniyanın İran hakimiyyəti ilə “koordinasiya edildiyini" bildirib.
Əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi əsgərlər, PUA operatorları və sürücülər də daxil olmaqla müxtəlif işlər üçün adam toplayır. Onlara Rusiyaya aviabiletlər, pulsuz müvəqqəti mənzil və tibbi xidmət təklif olunur. Kişilərlə yanaşı, tibb təhsili olan qadınlara da iş təklif edilir.
Fars dilində yazılmış elanlarda elektron poçt ünvanı, Ermənistanda qeydiyyatdan keçmiş “WhatsApp” nömrəsi və “Telegram” kanalı da daxil olmaqla əlaqə məlumatları yer alır. İngilis və fars dillərində göndərilən mesajlardan birində deyilir ki, Rusiya Müdafiə Nazirliyi "müqavilə imzalamağa və şərəflə xidmət etməyə hazır olan xarici vətəndaşlar üçün qapılarını açır". Orada əlavə olunur: "Rus dilində danışmasanız belə, sizi salamlayırıq".







































