Şimali Koreyadan qaçan qadınlar: Mənim xalqımın beynini yuyurlar

Yaponiyada Şimali Koreyadan üzən balıqçı qayıqlarını “kabus gəmiləri” adlandırırlar.
2017-ci ildə Yaponiyanın qərb sahillərinə üzən bu cür qayıqların sayı 104 olub. Yaponiya sahil təhlükəsizliyi xidmətinin məlumatına əsasən, son iki ildə bu rəqəm 66 olmuşdu. Bir çox hallarda bu qayıqlarda Şimali Koreyadan qaçmağa çalışan şəxslərin cəsədləri aşkar edilir.
Analitiklər bildirirlər ki, bu cür qayıqların artmasına səbəb son illər Şimali Koreyaya qarşı sərt sanksiyaların tətbiqi nəticəsində bu ölkədə ərzaq çatışmazlığı olub.
Mən 75 yaşlı Eyko Kavasaki ilə Tokionun mərkəzindəki ticarət mərkəzlərindən birində görüşdüm. O, 10 il əvvəl Yaponiyaya gəlib.
Kavasakinin həyatı Orvella trillerini xatırladır. O, 1942-ci ildə anadan olub. Onun ailəsi Koreyanın müstəmləkələşdirilməsindən sonra Yaponiyaya köçüb. “Müharibədən sonra Yaponiya iqtisadiyyatı çox zəifləmişdi. Ona görə burada yaşamaq çətin idi”, - o deyib.
Koreya müharibəsindən sonra yarımada iki hissəyə parçalandı. Şimali Koreya rəhbərliyi başqa Asiya ölkələrində yaşayan koreyalıları ölkəyə gətirmək üçün müxtəlif yalanlardan istifadə etmək qərarına gəldi. “O zaman Yaponiya çox kasıb idi. Şimali Koreya hökuməti insanlara pulsuz təhsil, ev, tibb və hətta geyim vəd edirdi. Mən ora tək getdim, ailəm isə bir müddət sonra Şimali Koreyaya gəldi”.
Kavasaki gəmi ilə Şimali Koreyaya yollandı – onunla yanaşı 93 min insan eyni addım atdı və o, porta yaxınlaşdığı anları çox yaxşı xatırlayır. “İnsanlar qışqıdırırdılar ki, “Pulsuz qida və tibb yalan vəddir. Geriyə üzün”, ancaq biz geri qayıda bilməzdik”.