“SƏRT SSENARİ SEÇİLSƏ REJİM ÖZÜNÜ QORUYA BİLMƏYƏCƏK” – “Moskva regionda öz təsir imkanlarını itirmək istəmir...”

Baxış sayı:
403

Xaləddin İbrahimli: “Bu cür addımlar digər böyük dövlətlər üçün də analoji davranışlara “yaşıl işıq” yandıra bilər”

“Güney Azərbaycanın etirazlara qoşulmaması daha çox təhlükəsizlik və qorunma instinkti ilə bağlıdır”

Tanınmış azərbaycanlı tarixçi alim, professor Xaləddin İbrahimli dünyada və regionda cərəyan edən hadisələr, onların bölgəmizə mümkün təsirləri ilə bağlı sualları cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

-Professor, ABŞ Prezidenti Donald Trampın əmri ilə Venesuela Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-yə aparılması qlobal siyasətdə hansı dəyişikliklərə yol aça bilər?

-Bu hadisə beynəlxalq münasibətlər sistemində dövlət suverenliyi prinsipinin ciddi şəkildə sarsıldığını göstərən presedent yaradır. Güc yolu ilə siyasi məsuliyyətin tətbiqi beynəlxalq hüququn normativ çərçivəsini zəiflədir və qlobal miqyasda qeyri-sabitliyi artırır.
Eyni zamanda, bu cür addımlar digər böyük dövlətlər üçün də analoji davranışlara “yaşıl işıq” yandıra bilər. Nəticədə beynəlxalq sistemdə etimad böhranı daha da dərinləşə bilər.

-ABŞ-nin bundan sonrakı hədəfləri hansı ölkələr ola bilər və bunu böyük güclər arasında dünyanın bölüşdürülməsi kimi dəyərləndirmək mümkündürmü?

-ABŞ-nin potensial hədəfləri sırasında strateji enerji və geosiyasi mövqeyə malik, lakin siyasi və institusional baxımdan zəif olan ölkələr ön plana çıxır. Bu kontekstdə Venesuela, İran, Suriya, Kuba və qismən Nikaraqua kimi dövlətlər tez-tez risk zonası kimi qiymətləndirilir. Bu ölkələri birləşdirən əsas cəhət onların ABŞ-la siyasi qarşıdurma vəziyyətində olması və eyni zamanda Rusiya və ya Çinlə yaxın münasibətlər saxlamasıdır.

Bu proses klassik imperial “dünyanın bölüşdürülməsi” formasında deyil, daha çox böyük güclər arasında təsir zonaları uğrunda gedən müasir geosiyasi rəqabət kimi dəyərləndirilməlidir. Müasir dövrdə bu rəqabət açıq beynəlxalq müqavilələrdən deyil, sanksiyalar, hərbi mövcudluq, iqtisadi təzyiq və informasiya müharibəsi kimi mexanizmlər vasitəsilə aparılır ki, bu da beynəlxalq münasibətləri daha qeyri-proqnozlaşdırılan və riskli edir.

-Venesuela üzərində nəzarəti təmin etmək asan olacaqmı və bu proses Rusiya ilə Çin üçün nə ifadə edir?

-Venesuelaya nəzarət asan görünmür, çünki ölkə dərin iqtisadi böhran, sosial parçalanma və siyasi legitimlik problemi ilə üz-üzədir. Xarici müdaxilə bu problemləri həll etmək əvəzinə daha da dərinləşdirə bilər.
Rusiya və Çin üçün bu proses həm siyasi nüfuz itkisi, həm də milyardlarla dollarlıq investisiyaların risk altına düşməsi deməkdir. Bu səbəbdən onlar ABŞ-nin regional təsirinin artmasına həssas yanaşırlar və buna əngəl olmağa çalışacaqlar.

-Beynəlxalq hüququn zəifləməsi kiçik ölkələr üçün hansı riskləri yaradır? Rusiya ilə Çindən hansı addımları gözləmək olar, o cümlədən Cənubi Qafqazda?

-Beynəlxalq hüququn zəifləməsi kiçik dövlətlər üçün suverenliyin formal xarakter alması riskini artırır. Belə şəraitdə hərbi və siyasi təzyiq mexanizmləri daha tez-tez tətbiq edilə bilər.
Rusiya və Çin isə birbaşa hərbi qarşıdurmadan çox, regional təsir, diplomatik manevr və iqtisadi alətlərdən istifadə etməyə üstünlük verə bilər. Cənubi Qafqazda bu, təsir uğrunda rəqabətin artması ilə müşayiət oluna bilər. Hər halda bu il Ermənistan üçün çox gərgin olacaq.

-Bu proseslər fonunda Azərbaycan–Rusiya münasibətlərini necə proqnozlaşdırmaq olar və Türkiyə ilə hərbi-strateji əlaqələrin genişləndirilməsi, hərbi bazaların yerləşdirilməsi nə dərəcədə məqsədəuyğundur?

-Azərbaycan–Rusiya münasibətləri gələcəkdə də praqmatik xarakter daşıyacaq, yəni həm əməkdaşlıq, həm də ehtiyatlı rəqabət elementləri qorunacaq. Moskva regionda öz təsir imkanlarını itirmək istəmir.
Türkiyə ilə hərbi-strateji əlaqələrin gücləndirilməsi Azərbaycanın təhlükəsizlik imkanlarını artırsa da, xarici hərbi bazaların yerləşdirilməsi çox həssas geosiyasi nəticələr doğura bilər. Bu cür addımlar ciddi analizlər, strateji hesablamalar tələb edir. Bu yöndə elmi-nəzəri fəaliyyət oldugunu bilmirəm.

-İranda baş verən son hadisələri necə qiymətləndirirsiniz? Bu dəfə rejim üçün fərqli ssenarilər mümkündürmü?

-İranda baş verən hadisələr uzunmüddətli iqtisadi böhran və sosial narazılıqların nəticəsidir. Bu, təsadüfi deyil, sistemdaxili problemlərin yığılıb partlamasıdır. Mövcud şəraitdə hakimiyyət ya sərt repressiya yolunu seçə, ya da məhdud islahatlarla gərginliyi azaltmağa çalışa bilər. Hansı ssenarinin seçiləcəyi rejimin gələcək dayanıqlığını müəyyən edəcək. Məncə sərt ssenari seçilsə rejim özünü qoruya bilməyəcək. Xalqla dialoq yolu seçilsə rejim ömrünü uzada bilər.

-ABŞ və İsrailin İrana qarşı yenidən hərbi müdaxiləsi mümkündürmü?

-Genişmiqyaslı birbaşa hərbi müdaxilə hazırkı mərhələdə yüksək riskli ssenaridir. Belə bir addım regionda nəzarətdən çıxan müharibəyə səbəb ola bilər. Daha real variant məhdud zərbələr, kiber əməliyyatlar və regional proksi qüvvələr üzərindən təzyiqin davam etdirilməsidir.

-Güney Azərbaycanın hələlik rejimə qarşı etirazlara qoşulmaması tənqid olunur. Bu mövqeni necə dəyərləndirirsiniz?

-Güney Azərbaycanın etirazlara qoşulmaması daha çox təhlükəsizlik və qorunma instinkti ilə bağlıdır. Bu, tarixi təcrübədən qaynaqlanan rasional davranış kimi də izah edilə bilər.
Plansız və təşkilatsız etirazlar ağır repressiyalarla nəticələnə və cəmiyyətə ciddi zərər verə bilər. Bu səbəbdən ehtiyatlı mövqe başadüşüləndir.

-Tarixçi alim kimi güneyli fəallara nə tövsiyə edərdiniz?

-Tarixi təcrübə göstərir ki, emosional və spontan hərəkatlar uzunmüddətli nəticə vermir. Əsas olan strateji planlama, mərhələli hədəflər və legitim mübarizə üsullarıdır. Güneyli fəallar beynəlxalq hüquq, insan təhlükəsizliyi və ictimai dəstək üzərində qurulmuş rasional strategiyalara üstünlük verməlidirlər. Nəhayət, bir yol seçməli və xalqı o yola hazırlamalıdırlar.

Elçin Rüstəmli