Ət kəsimi ilə bağlı yeni qaydalar gəlir

"Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yaxın zamanlarda tamamilə yığışdırılacaq".
Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilmədikdə onun bədənində ifraz olunan xüsusi maddələr vətəndaşların istifadə edəcəkləri ətin keyfiyyətini yararsız hala salır:
"Bu səbəbdən küçə və meydanlarda heç bir ekspertiza olmadan həyata keçirilən ət kəsimləri insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik".
O həmçinin vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirilir:
"Bu istiqamətdə bir yox, bir neçə nazirliyin qərarı nəzərə alınacaq. Bunlar Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir".
Q.Təhməzli onu da bildirib ki, ətləri mənfi 4 dərəcədən kənarda saxlayan şəxslər cəzalandırılacaq.
O, isti havalarda ət kəsimi standartlarına nəzarətin artırılacağını da söyləyib:
"İsti hava şəraiti ilə əlaqədar ətlərin soyuducudan kənar daşınması yolverilməzdir. Bu istiqamətdə dələduzluq edən adam qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır. İsti hava şəraitində saxlanılan ət məhsullarının üzərində sağlamlığa zərərli proseslərin getməsinə münbit şərait yarana bilir. Bunun qarşısını almaq üçün biz bu istiqamətdə tədbirləri artırırıq"