Tramp HƏMAS-ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

Baxış sayı:
139

ABŞ Prezidenti Donald Tramp iyulun 30-da HƏMAS radikal hərəkatının silahlı birləşmələrinin tam tərksilah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu bəyan edib.

Bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza zolağındakı bütün digər silahlı qruplaşmaların tam tərksilahını nəzərdə tutan tarixi əhəmiyyətli razılaşma əldə edib. Bu, davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılmış nəhəng addımdır", - deyə o əlavə edib.

Tramp bəyan edib ki, HƏMAS radikal hərəkatının silahlı birləşmələri tam tərksilah edildikdən sonra İsrail qüvvələri Qəzza zolağından çıxarılacaq: "Bu, Trampın 20 bəndlik planının həyata keçirilməsində mühüm mərhələdir. Razılaşma diqqətlə planlaşdırılmış mərhələlərlə həyata keçiriləcək. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qüvvələri geri çəkiləcək, beynəlxalq sabitləşdirici qüvvələr isə Qəzza zolağında həm sakinlərin, həm də qonşuların təhlükəsizliyini təmin etmək üçün Fələstin polisi ilə birgə fəaliyyət göstərəcək".

ABŞ Prezidentinin sözlərinə görə, razılaşma Qəzza zolağının nəhayət, Fələstin xalqına yardım göstərmək üçün Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək yeni Fələstin hökuməti tərəfindən idarə olunması yolunda ən mühüm addımdır: "Eyni zamanda, İsrail layiq olduğu təhlükəsizliyi əldə edəcək, çünki Qəzza artıq terror hücumları üçün dayaq məntəqəsi kimi istifadə olunmayacaq".

Bundan əvvəl "Al Hadath" telekanalı məlymat yayıb ki, HƏMAS hərəkatı və Qəzzada nizamlanma prosesində iştirak edən Fələstin fraksiyaları anklavda vəziyyətin sabitləşdirilməsi ilə bağlı sazişin bütün bəndlərini razılaşdırıblar.