Trampın "Maduro əməliyyatı" mənfi nəticələr verir

Baxış sayı:
373

Venesuelada rejim dəyişmədi. Diktator Nikolas Maduronun "sağ əli" sayılan Delsi Rodriges artıq prezident kimi xalqa "sədaqət andı" içdi. Onun qardaşı Xorxe Rodriges parlamentin sədri oldu. Venesuelanin bütün dövlət strukturları yenə də Ridrigeslərin və Çaves rejiminin sadiq qulları olan narkobaronların tam nəzarətindədir.

Ölkədə fövqəladə vəziyyət, bəzi qurumlar üçün isə hərbi rejim elan edilib. Siyasi məhbuslar nəinki azad edilməyib, əksinə repressiyanın yeni dalğasına rəvac verilib. Maduronun tutulduğu gün kim gülümsəyibsə, hamısını həbs edirlər. Venesuela telekanallarında Maduro və onun xanımı qəhrəman kimi təqdim edilir, ABŞ lənətlənir, Rusiya əvvəlkindən daha artıq təbliğ edilir. Karakasda Maduroya dəstək aksiyaları keçirilir.

Hər bir addıma, onun nəticəsinə görə qiymət vermək lazımdır. ABŞ prezidenti Donald Trampın Maduronu oğurlatmaq qərarı Amerikanın özündə bir çoxları tərəfindən həm qanunsuz, həm də ağılsız qərar kimi qiymətləndirilib.

Venesueladakı qeyri-legitim, korrupsioner və repressiv rejimin təmsilçiləri Trampın bu ağılsız qərarı sayəsində indi özlərini bir əzabkeş kimi təqdim edə bilirlər.

Delsi Rodriges diplomatik manevr olaraq ABŞ ilə əməkdaşlıq təklifi ilə çıxış etsə də, ölkə daxilində tək Vaşinqtona qarşı yox, bütövlükdə fərqli düşüncəyə qarşı səfərbərlik elan edib.

ABŞ neft şirkətlərinin Venesuelaya qayıdacağı, eləcə də rəsmi Karakasın Çindən və Rusiyadan üz döndərəcəyi haqda arqumentlər də Tramp administrasiyası nümayəndələrinin tənqidçilərə cavab olaraq özlərinə verdiyi təsəllidən başqa bir şey deyil.

Trampın "gecə qara" əməliyyatının bu günə olan nəticələri budur. Vəziyyət dəyişə bilər, amma dəyişməsi üçün başqa hadisələr baş verməlidir.

Mustafa HACIBƏYLİ