Türkiyə bayrağının endirilməsi ilə bağlı araşdırma başladıldı - FOTO

Baxış sayı:
283

Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

Belə ki, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

    Qrup YPG terror təşkilatını dəstəkləyən şüarlar da səsləndirib.

    Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər. Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

    DEM Parti sözçüsü Ayşegül Doğan X hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları narahat etdiyini bildirib.

    Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri "təxribat" adlandırıb. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq.

    Burhanettin Duran hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmaya başlanıldığını, hüquqi və inzibati tədbirlərin görüləcəyini də vurğulayıb./apa