Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB

Baxış sayı:
896

Türkiyənin Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusa yoluxan iş adamının dalınca Bakıya təyyarə göndərib. 

Türkiyə KİV-ləri xəbər verir ki, iş adamı, toxum istehsalı və ixracı ilə məşğul olan Surur Aydın ixracla bağlı danışıqlar aparmaq üçün Azərbaycanda səfərdə olarkən Bakıda koronavirusa yaxalanıb. Gaziantepdə fəaliyyət göstərən şirkətin sahibi olan Aydın özünü pis hiss edib və Bakıdakı xəstəxanalardan birinə müraciət edərək test verib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb. Surur Aydın Bakıda müalicə olunmaq istəməyib və müalicəsinin Türkiyədə aparılmasını istəyib.

Türkiyə İxracatçılar Məclisinin başqanı İsmayıl Güllenin təşəbbüsü ilə onun ölkəsinə aparılması üçün Türkiyənin Səhiyyə Nazirliyi ambulans-təyyarə ayırıb. Təyyarə ilə Bakıdan Gaziantepə aparılan Surur Aydın orada xəstəxanaya yerləşdirilib.

“Dövlətimiz çətin zamanlarımızda daim və hər yerdə yanıızda olur, bizi heç vaxt tək buraxmır. Ölkəmdə müalicə alacağım üçün çox məmnunam”,-o bildirib.

İsmayıl Gülle isə bildirib ki, ixracatçılar ailəsinin üzvü olan Surur Aydının Türkiyəyə çatdırılmasına dəstəyinə görə prezident Rəcəb Tayyib Ərdoğana, səhiyyə naziri Fahrettin Kocaya, səhiyyə personalına minnətdarlıq edir./Virtualaz.org