Türkiyə Suriyada PKK-ya qarşı əməliyyatlara başlaya bilər - ƏRDOĞANDAN XƏBƏRDARLIQ

Baxış sayı:
2101

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan oktyabrın 28-də Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyini bəyan edib. Ərdoğan deyib ki, o bu addımı Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindən kürd silahlılarının çıxarılmayacağı təqdirdə atacaq.

"Associated Press" (AP) xəbər agentliyinin yazdığına görə, ölkə parlamentində hakim AKP fraksiyasının üzvləri qarşısında çıxış edən prezident deyib ki, bu həftənin əvvəllərində Rusiyanın İdlibdə Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçılarına hava zərbəsi endirməsi Moskvanın regionda davamlı sülh istəməməsinin göstəricisidir: Əgər bütün terrorçular bizə vəd edildiyi kimi çıxarılmasalar, bir də təkrar edirəm ki, bizim istənilən vaxt müdaxilə üçün legitim səbəbimiz var”.

Ərdoğanın bu bəyanatından bir neçə gün əvvəl Türkiyəyə Suriyadan keçdiyi deyilən kürd döyüşçü Hatay vilayətində polis tərəfindən təqib edilərkən özünü partlatmışdı. İkinci yaraqlı təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Oktyabrın 26-da baş vermiş və onlarca qiyamçının ölümünə səbəb olmuş Rusiya hava zərbəsi barədə şərh verərkən Ərdoğan deyib: “Rusiyanın Suriya Milli Ordusunun təlim mərkəzini hədəfləyən hücumu göstərir ki, bu bölgədə sülh vəəmin-amanlığı istəməyənlər var”.

Azadliq.org AP-yə istindən yazır ki, sözü gedən hava zərbəsi ötən martda İdlibdə atəşkəs barədə Türkiyə-Rusiya razılaşması imzalanandan bəri ən ağır zərbə olub. Bu hadisə Türkiyə və Rusiya arasında habelə Qafqazda və Liviyada gərginliyin artdığı bir vaxta təsadüf edir.

Xəbərdə deyilir ki, Türkiyə kürd yaraqlıların və İŞİD-çilərin bölgədən uzaqlaşdırılması məqsədilə 2016-cı ildən bəri Suriyaya üç dəfə müdaxilə edib.

Ötən il Türkiyə Suriyada terrorçu kürd qüvvələrinin bölgədən çıxarılması məqsədilə bura qoşun göndərmişdi.

Ankara bildirirdi ki, bu ərazidə Suriya qaçqınları üçün təhlükəsiz zona yaratmağı planlaşdırır. Ankara bu hücumu ABŞ və Rusiya ilə ayrılıqda əldə etdiyi razılaşmalardan sonra dayandırmışdı. Bu razılaşmalara əsasən Vaşinqton və Moskva kürd qüvvələrinin bölgədən çıxarılacağını vəd etmişdilər.