"Ukrayna buna hazırdır..." - ZELENSKİDƏN İLK AÇIQLAMA

Ukrayna, Rusiya və ABŞ arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşlər başa çatıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq məlumat verib. O qeyd edib ki, bu, uzun müddət ərzində ilk belə formatdır - iki günlük üçtərəfli görüşlər.
"Biz çox şey müzakirə edə bildik və söhbətlərin konstruktiv olması vacibdir. Danışıqlar, xüsusən də üç tərəfin hərbçilərinin iştirakı ilə davam etdirilib", - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, bu gün Ukrayna tərəfindən Rustem Umerov, Kirill Budanov, Andriy Qnatov, David Araxamia, Sergey Kislitsya və Vadim Skibitski iştirak edib. Amerika tərəfini Stiv Uitkov, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç və Coş Qrunbaum təmsil edib. Rusiya tərəfini isə Rusiya hərbi kəşfiyyatının və onların ordusunun nümayəndələri təmsil edib.
"Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub. Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin qorunması prosesinə nəzarəti və monitorinqinin zəruriliyinin tanınması məni çox sevindirir", - deyə Zelenski qeyd edib.
Prezident qeyd edib ki, Amerika tərəfi müharibənin sona çatması üçün parametrlərin və zəruri təhlükəsizlik şərtlərinin təsdiqlənməsi üçün mümkün formatlar məsələsini qaldırıb. “Son bir neçə gün ərzində keçirilən görüşlərdən sonra bütün tərəflər danışıqların hər bir aspekti üzrə paytaxtlarına hesabat vermək və gələcək addımları liderləri ilə əlaqələndirmək barədə razılığa gəliblər”, - deyə Zelenski bildirib.
Bundan əlavə, o, əlavə edib ki, hərbçilər mümkün növbəti görüş üçün məsələlərin siyahısını müəyyən ediblər:
“İrəliləməyə hazır olduqları təqdirdə - Ukrayna buna hazırdır - növbəti görüşlər, ehtimal ki, gələn həftə keçiriləcək. Nümayəndə heyətinin qayıdışından sonra şəxsi hesabatını səbirsizliklə gözləyirəm.”
O, həmçinin vasitəçiliklərinə və gələcək görüşlərə ev sahibliyi etmək istəyinə görə BƏƏ-yə və şəxsən Əmirliklər Prezidentinə minnətdarlığını bildirib.








































