“XXI əsrdə banklar “kassa” rolunu oynamamalıdır” - Ekspertdən sərt tənqid

Baxış sayı:
6607

Xəbər verdiyimiz kimi, Rəsmi “Azərbaycan” qəzeti banklarda olan problemləri tənqid edən məqalə ilə çıxış edib. Qəzet yazıb ki, Prezident özü də qeyd edir ki, sözügedən problem ən yüksək səviyyədə dəfələrlə qaldırılsa da, banklar özləri üçün sərfəli, ölkə iqtisadiyyatı üçün səmərəsiz, dövlət büdcəsi üçün isə təhlükəli fəaliyyətlərindən - vəsaitlərini real sektor əvəzinə istehlak kreditlərinə yönəltmək mərəzlərindən əl çəkmirlər. Bildirilib ki, dövlət bankların köhnə "zibil”lərini təmizləyib qurtarmamış yenisi ilə üzləşmək təhlükəsi həddinə çatıb.

Bəs ölkəmizdə fəaliyyət göstərən bankların real sektora yönəlməsi üçün hansı addımlar atılır?

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, problemlərin əsas səbəblərinə köklənmək lazımdır:

“Ümumiliyyətlə banklar haqqında gedən söz-söhbətlər nəticənin müzakirəsidir. Artıq səbəblərlə bağlı ciddi müzakirələr aparılmalıdır. Çünki istehlak kreditinin artması, kommersiya və biznes kreditlərinin artması iqtisadi sistemdən, bankların özünün sistemindən və risk menecmentindən doğan nəticələrdir. Bu nəticələr aradan qaldırılmalıdır ki, bank sektoru real iqtisadiyyatda mühüm rol oynasın. İlk növbədə bankların özlərinin funksiyaları dəyişdirilməlidir. Çünki XXI əsrdə artıq banklar “kassa” rolunu oynamır. İndiki dövrdə banklar özləri investisiya mərkəzlərinə çevrilir. Yəni ideası olan, biznes planı olan şəxslər kredit üçün  müraciət etdikdə, banklar onların həm konsultasiyasını həyata keçirir, həm biznes proyektlərinin qiymətləndirilməsini aparır və həmin o biznesə dəstək üçün treninq yolu ilə iş adamlarının dostuna çevrilir. Lakin bizdə bu praktika yoxdur. İlkin olaraq, bu praktika artıq gerçəkləşdirilməlidir".

Ekspertin sözlərinə görə, bank sistemində rəqabətli mühitə bağlı mühüm problemlər də var:

"Azərbaycanın bank bazarının ciddi açılıma ehtiyacı var. Azərbaycanda birbaşa fəaliyyət göstərmək istəyən xarici investisiya bankları üçün bütün maneələr ortadan qaldırılmalıdır. Qonşu Gürcüstanın əhalisi və ərazisi bizdən az olmasına baxmayaraq, orda Almaniyanın, ABŞ-ın, Fransanın bankları fəaliyyət göstərir. Əgər bu banklar ölkəmizdə fəaliyyətə başlasa, rəqabət mühiti formalaşar. Bu zaman həmçinin faiz dərəcələri də aşağı düşəcək. Biznes kreditlərinin faiz dərəcələri yüksək olduğundan, qısa müddətli olduğundan biznesmenlərə sərf etmir. Həmçinin, banklara da sərf etmir, çünki riskləri yüksəkdir. Bir anlıq təsəvvür edin ki, hər hansı bir iş adamı, məsələn çayçılıqla məşğul olan şəxs, bunun üçün kredit götürmək istəyir. Bilirsiniz ki, çay kolunun əkilməsi ilə ilk məhsulun götürülməsi arasında 6 il zaman keçir. Deyək ki, fermer bu müddətə kredit götürsə, (baxmayaraq ki, heç bir bank bu müddətə kredit vermir) 6 il ərzində götürdüyü kreditdən çox faiz ödəməlidir. Hansı iş adamı buna qol qoyar? 

Bizdə investisiya yönümlü banklar yaransa, iş adamlarına uzun müddətli, ən azından 5 il olmaqla, aşağı faizli kreditlər verilsə, bu zaman iş adamlarında maraq yaranar.  Nə qədər ki, biz nəticələri müzakirə edirik, səbəbləri aradan qaldırmırıq, çətin ki, bu mövzu da bir irəliləyiş əldə edək”.