15 İYUL HƏQİQƏTLƏRİ – III YAZI

Baxış sayı:
827

Dərd gələndə batmanla gələr deyiblər...

Bu yazıda 15 iyul (Temmuz) hadisələrindən sonra “FETO” damğası ilə zindana atılan daha bir müəllim ailəsinin dramından söz açmağa çalışacağam. Bəli, sözün əsl mənasında ailə dramı. Yaxından tanıdığım Hatice Civelek 15 ildən artıq idi ki, “Gülən camaatı”na məxsus orta məktəbdə gənc nəsilə təhsil verirdi. 15 iyul (Temmuz) sözdə “darbesi”indən sonra qapadılan məktəblərdən sırasında Hatice Civelekin çalışdığı məktəb də vardı.

Qeyd edim ki, Hatice Civelekin həyat yoldaşı da özü kimi müəllim idi və o, da “Gülən camaatı”na məxsus məktəbdə müəllim kimi çalışırdı. Onların “Bank Asiyada” şəxsi hesablarının olması və eyni zamanda “Gülən camaatı”na məxsus məktəbdə çalışaraq türk övladlarına elm öyrətməsi onların hər ikisinin Ərdoğan hakimiyyətinə görə “terrorçu” olmaqları üçün kafi hesab edilirdi.

Daha öncələr yaşadıqları bölgədə və şəhərdə insanlar tərəfindən sevilən, hörmət edilən bu ziyalı ailə 15 iyul (Temmuz) hadisələrindən sonra demək olar ki, yalnız qalmışdılar. Onlara qarşı irəli sürülən iftiralar, üzləşdikləri basqılar, hər addımbaşı məruz qaldıqları diskriminasiyalara görə ən yaxşı qohumları və dostları da onlarla salam-kəlamı belə kəsmişdilər.

Çünki, Ərdoğan hakimiyyəti insanların beyninə elə kin, nifrət və qorxu aşılanmışdı ki, “Gülən camaatı”ndan olan birisinə quru salam vermək xainlik sayılırdı. Vəziyyət o qədər acınacaqlı və dözülməz hala çatmışdı ki, uzun illər bir-biri ilə yaxın qonşuluq münasibətlərində yaşayan insanlar belə bir-birinə düşmən gözü ilə baxırdı.

2016-cı ilin sentyabr ayında Hatice Civelekin həyat yoldaşını saxta və qondarma ittihamlarla həbsə atdılar. Bu hadisədən sonra ən yaxın insanları tərəfindən dışlanan Hatice Civelekin sıxıntılı və acılı günləri başladı.   

Hər ay həyat yoldaşının ziyarətinə gedən Hatice Civelek növbəti dəfə qızlarını ataları ilə görüşə aparmaq üçün söz vermişdi. Deyir, sən saydığını say, gör fələk nə sayır. Dərd gələndə batmanla gələr deyiblər.

Hatice Civelek atası, qayınanası və iki qız övladını da özüylə götürərək həyat yoldaşı ilə görüşmək üçün yola çıxırlar. Çox təəssüflər olsun ki, onlar mənzil başına yetişə bilmirlər. Bu yolçuluq zamanı onlar dəhşətli və eyni zamanda müəmmalı avtoqəzaya düşürlər. Bu dəhşətli avtoqəza zamanı Hatice Civelekin atası, qayınanası və iki qızı da həlak olurlar.

Hatice Civelek isə çox ağır yaralı halda xəstəxanaya çatdırılır. Bu dəhşətli hadisədən xəbər tutan həbsdə olan Hatice Civelekin həyat yoldaşı bütün yuxarı dövlət instansiyalarına müraciət edərək dəhşətli avtoqəza zamanı dünyasını dəyişən qız övladlarını son dəfə görmək, sarılmaq və son mənzilə yola salmaq istəyini bildirsə də qəbul etmirlər. Günahsız olaraq zindanda yatan, eyni zamanda iki qız övladının və yaxın qohumlarının bir gündə dəhşətli qəzada həlak olduqları ilə bağlı məlumat aldıqda onun keçirdiyi hissləri duymamaq, onun bir insan kimi qanuni istəyini nəzərə almamaq nə demək.?! Bəli, onun imdadına yox dedilər. Ata ilə görüşməyə gedən iki qız övladı ataları ilə görüşmədən torpağa qovuşdular. Ataları da onları son mənzilə yola sala bilmədi...  

İnsanlara bu zülmü və zilləti yaşadanlara Allah ədaləti ilə hökmən baxacaqdır.

Günay KALELİ