2 günlük müharibənin arxasındakı gizlinlər... - TƏHLİL

Torpaq uğrunda ölən varsa, Vətəndir! Növbəti dəfə torpaqlarımızın Vətən torpağı olduğunu qanımızla sübut etdik. 12 şəhid verdik. Amma sarsılmadıq, dimdik ayaqdayıq və bu iki gündə bütün Azərbaycan bir ürək olduq. Qardaşlarımızdan çox gözəl dəstək mesajları aldıq. Və bir daha bütün dünyaya göstərdik ki, torpağımızdan heç bir vəchlə vaz keçəsi deyilik. Və bundan ötrü hər bir Azərbaycan oğlu potensial şəhid olmağa hazırdır.
Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, millətimizə baş sağlığı, yaralılarımıza şəfalar diləyirəm.
İndi keçək mətləbə. İlk sual budur,” necə oldu ki, ermənilər bu qədər ürəklənib, hücuma keçmək cəsarətini özlərində tapdılar”? Dünəndən bəri Azərbaycan mediası bu sualın cavabını tapmağa çalışır və bundan ötrü bir neçə dəfə bəndənizə də bu sulla müraciət olunub.
Burada cavab birdir. Son iki günkü hərbi təxribatı erməni cəsarətində axtarmaq azdırıcı yoldur və doğru deyil. Çünki cəsarəti şərtləndirən mənəvi-psixoloji durum onlarda çox bərbad haldadır. Orduda başıpozuqluqdur, fərarilik baş alıb, gedir. Hər bir əsgər şərait olduğu təqdirdə potensial fəraridir. Bir tərəfdən də korrupsiya erməni ordusunu dağıdır. Ordunun əhvalı sıfırdır. Və Azərbaycanın ordusu dəfələrlə Ermənistan ordusunu üstələyir. Artıq bu gerçək təkcə bizim deyil, beynəlxalq ekspertlərin, hətta erməni mütəxəssislərin dili ilə etiraf olunur.
Bütün bu amillər son hərbi təxribatın erməni cəsarəti ilə bağlılığını istisna edir.
Demək ki, ətrafımızda dönən başqa hadisə və proseslərə diqqət edəcəyik. Fikir verirsinizsə, Azərbaycanın ABŞ başda olmaqla Qərb dünyası ilə münasibətləri yenidən müsbət mənada canlanmağa başlarkən dövlətimizi təhdid edən bir sıra olaylar peyda olmağa başladı. Bu xüsusda Talış separatizmi yenidən gündəmə gətirilib, Azərbaycanda terror törədilməsi üçün zəmin hazırlanır, cəbhə xəttində intensiv döyüşlər gedir, Rusiyanın “Valday” diskusiya klubu və “Xarici siyasət” agentliyinin geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulan “Beynəlxalq təhlükələr – 2016” hesabatında ölkəmiz təhdid edilir və Xəzərdə hərbi təlimlər keçirilir. Və bütün bunların arxasında Rusiya durur.
Təbii ki, Rusiya narahatdır. Çünki bu il NATO-nun Varşava Sammitində Gürcüstanın üzvlüyü məsələsinə baxılacaq, Azərbaycan da növbəti dəfə Rusiyanın əlindən sürüşərək Qərbə inteqrasiya xəttinə önəm verməyə başlayıb. Cənubi Qafqazın bu iki çox önəmli ölkəsinin Rusiyanın əhatə dairəsindən çıxması Rusiyanın bütövlükdə Qafqazdan çıxması təhlükəsini yaradır ki, rəsmi Moskva da heç cür bu nəticə ilə razı ola bilməz. Ancaq Rusiyanın bu gerçəyin qarşısını zor gücü ilə alacağı da inandırıcı görsənmir. Ancaq Rusiya başqa cür də bacarmır. Rusiya heç cür bu ölkələr üçün cəlbedici ola bilmir. Niyəsi bəllidir. Rusiya postsovet məkanındakı münaqişələrin müəllif olmağına rəğmən, bu münaqişələri öz geosiyasi maraqları çərçivəsində belə həll olunmasına hazır deyil. Götürün, son aylardakı Rusiya-Azərbaycan arasındakı münasibətləri.
Xeyli zaman Rusiya təbliğat maşını dövriyyəyə Qarabağ ətrafı rayonların boşaldılması ilə bağlı dezinformasiyalar buraxmaqla ictimai fikri aldatmağa çalışdı. Bunun müqabilində Azərbaycan rəsmiləri hətta Avrasiya İttifaqına üzv ola biləcəklərini bəyan etdilər. Nəticə nə oldu?
O oldu ki, Azərbaycan hakimiyyəti növbəti dəfə Rusiya rəhbərliyinin verdiyi vədlərin yalnız sabun köpüyündən ibarət olduğunu anladı. Rusiya öz davranışlarıyla ona olan etimadı tükətdi.
Ayrıca neft qiymətlərinin dünya bazarında kəskin düşməsi və Qərb sanksiyalarının nəticəsində Rusiya iqtisadiyyatı batan gəmini xatırladır. Və bunun müqabilində rəsmi Moskva heç bir iqtisadi islahatlara rəvac vermək istəmir. Ancaq Azərbaycan dəyişmək fikrindədir və ölkədə yeni iqtisadi mödelin tətbiqinə çalışır və bu yöndə Qərbin ciddi dəstəyini də almış dururmdadır. Belə olan təqdirdə Azərbaycan və digər ölkələr təbii ki, batan gəmi ilə birgə batmaq deyil, Qərbin xilas kəmərinə əl uzadırlar və bu da təbiidir.
Bu kontekstdə Cənub Qaz Dəhlizinin 2-ci Bakı toplantısında Qərbin ciddi şəkildə iştirakı və dəstəyi bir daha göstərdi ki, Rusiyadan yan keçən TANAP və TAP xətləri artıq Moskvanın bütün lajihələrini zaman baxımından qabaqlayır və bu da təbii ki, Rusiyanı ciddi şəkildə qıcıqlandırır.
Bütün cəbhələrdə uduzan Rusiya isə heç nə təklif etmədən və ayrıca bütün cəlbediciliyini itirmiş haldaykən bu mərkəzdənqaçma prosesinin qarşısını almaq istəyir. Cəbhə xəttindəki intensiv döyüşləri də məhz bu konteksdə dəyərləndirmək lazımdır.
Rusiya bununla əvvəla, savaşı başladıb, sonra bitirməklə regiona kimin nəzarət etdiyini bütün dünyaya nümayiş etdirir. İkincisi, Azərbaycana təzyiq etməklə Qərbə inteqrasiyanın qarşısını almaq istəyir. Üçüncüsü, qanlı döyüşə ilk reaksiya verməklə dünyaya sülhpərvər bir dövlət olduqlarını beynəlxalq ictimai rəyə çatdırır. Dördüncüsü, Azərbaycanda savaş başlatmaqla Gürcüstana parlament seçkiləri və NATO sammiti öncəsində təhdidedici mesaj göndərir.
Göründüyü kimi, Rusiya yalnız təhdid püskürməklə qəlbləri fəth etmək istəyir. Halbuki bunun yanlış olduğunu addımbaşı həm Ukraynada, həm Suriyada, Baltikyani ölkələrdə və Şərqi Avropada gördük. Nəticə o oldu ki, NATO gücləri Rusiya sərhədlərinə qədər gəldilər və burada güclənməyə davam edirlər. Belə vəziyyət isə Rusiyanın yuxusunu qarışdırır.
İndi də Rusiyanın növbəti bir fırıldağı ortaya çıxıb. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə hərbi yardım barədə saziş bağlanması barədə məsələ qalıdırb. Bu isə birbaşa savaş səbəbidir. Çünki belə bir sazişin qobdarma qurumla bağlanması onun Ermənistan tərəfindən tanınması anlamına gəlir. Əks təqdirdə bu davranış beynəlxalq hüquqa tərs düşərdi.
Bununla Azərbaycan təhdid edilir ki, Dağlıq Qarabağ Abxaziya və Çənubi Osetiya kimi tanına bilər. Doğrudur, hələlik bunu Rusiya birbaşa etmir, Sarkisyanın arxasında gizlənərək edir. Ancaq mesajın kimə ünvanlandığı bəllidir.
Ayrıca yanaşma tərzində də Rusiya digər gücllərə uduzur. Məsələn, Rusiyanın xarici işlər və müdafiə nazirləri Bakıya zəng edib,cəbhə bölgəsindəki vəziyyətdən narahatlıqlarını bildirirlər. Türkiyə prezidentİ, baş naziri və müdafiə naziri Bakıya zəng edərək "İşğal altındakı torpaqların qaytarılması - haqlı mübarizənizdə Azərbaycanın yanındayıq" deyə bəyan edirlər.
Bundan başqa döyüşlərin başlamasına ilk Rusiya rəhbərliyinin reaksiya verməsini də gözardı etmək doğru olmazdı. XİN, MN və dövlət başçısı Putin səviyyəsinə qədər bu məsələnin gedib çıxması və “təcili döyüşləri dayandırın” tələbi humanistliyin deyil, işin tərs getdiyinin nişanəsi idi. Və maraqlıdır ki, bu tələbin prezident Putinə qədər gedib çıxması da ermənilərin nə qədər vahimə içində olduqları bir daha göstərir. Bu tələb o zaman ortaya çıxdı ki, Azərbaycan ordusu əks hücuma keçərək torpaqlarını azad etməyə başlamışdı və ermənilərin itkiləri artıq onlarla hesablanırdı.
Bunu təkcə biz demirik, artıq erməni politoloqları da etiraf etməyə başlayıblar ki, bu işin içində Moskvanın əli var. Bu yöndə qondarma qurumun rəhbərliyinin təcili qaydada rəsmi Moskvaya müraciət etməsi də dediklərimi bir daha sübut edir.
Bütün halda hər bir işdə bir xeydir vardır. Bu baxımdan şəhidlərimizin qanı havayı getməyib və gedəsi də deyil. Əvvəla, qəhrəmən əsgərlərimiz şəhidlərimizin qisasını on misliylə alıblar. Bundan başqa Qarabağ problemi dünyanın artıq ciddi mənada diqqətinə gəldi. Bu gün Minsk qruğunun həmsədrləri Vyanada görüşürlər. Sabah isə Minsk qrupunun 11 üzv dövlətləri toplaşıb bu problemi müzakirə edəcəklər. Rusiya rəhbərliyi də artıq təcili olaraq ATƏT rəhbərliyilə bu məsələnin Moskvada müzakirəsini istəyiblər. Bu isə Qarabağ probleminə diqqətləri artırır ki, o da problemin həllində çox vacibdir.
Günay ƏSƏDOVA