24 saat ərzində 12 min nəfər Türkiyəyə sığınıb - ƏSƏD DİNC SURİYALILARIN QAYITMASINA İMKAN VERMİR...

Baxış sayı:
3570

Suriyada Bəşər Əsəd hökuməti ilə Rusiya hərbi qüvvələrinin İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədləri daxilindəki məntəqələrə hücumları nəticəsində son 24 saat ərzində 12 min nəfər dinc vətəndaş Suriya-Türkiyə sərhəd xəttinə yaxın bölgələrə köç edib. Ümumilikdə noyabr ayından bəri həmin bölgədə 20 min ailənin, yəni 110 min nəfər dinc sakinin didərgin düşdüyü bildirilir. Yerli mənbələr əksəriyyəti qadınlar və uşaqlar olan yüzlərlə ailənin bayırda qaldığını, zeytun ağaclarının altında daldanacaq axtardıqlarını bildiriblər. İdlib Gərginliyi Azaltma Bölgəsində yurdundan qovulan dinc sakinlərlə bağlı məlumat işi ilə məşğul olan Suriya Müdaxilə Koordinatorluğu müdiri Məhəmməd Hallac hökumət qüvvələri ilə Rusiyanın xəstəxana, məktəb, dinc müdafiə mərkəzləri və evləri vurduğunu bildirərək söyləyib: “Bununla dinc vətəndaşların geri qayıtmasını əngəlləmək istəyirlər”. Qaçqın insanların böyük bir qismi Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunun qarşısındakı Suriya torpaqlarındakı Atme, Kah, Deyr Hassan və Kefer Lusin kimi məntəqələrdəki düşərgələrə, Türkiyənin terrorçulardan təmizlədiyi Fərat qalxanı və Zeytun Budağı əməliyyatı bölgələrinə sığınıblar. Türkiyə ilə Rusiya arasında 2018-ci il 17 sentyabr tarixində imzalanan razılaşmadan bəri İdlib Gərginliyi Azalltma bölgəsində hökumət qüvvələri ilə Rusiyanın hücumları nəticəsində 1300 nəfərdən artıq dinc sakin həlak olub. Son bir il ərzində hücumlardan qaçanların sayı 1 milyon nəfəri ötüb./Hurriyyet.org