“Allahşükür Paşazadənin açıqlamsı cəmiyyəti çaşdırmaq məqsədi daşıyır” – ABEL MƏHƏRRƏMOVLA BAĞLI QALMAQALA REAKSİYA

Baxış sayı:
6583

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
 
Toplantı iştirakçıları ilk növbədə Fransa mədəniyyət mərkəzinin təşkilatçılığı ilə MDB məkanında beynəlxalq hüquqa zidd yaradılan bir sıra separatçı rejim nümayəndələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirdiyi görüşə münasibət bildirb və  ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə yönələn bu faktı qətiyyətlə pisləyib. Partiya yetkililəri bu cür hərəkətlərin arxasında separatçı rejimləri dəstəkləyən, müstəqil ölkələrin ərazilərində münaqişə ocaqları yaradan Rusiyanın durduğunu, Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın barış missiyası ilə bir araya sığımayan mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb və hakimiyyəti Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə yenidən baxmağa, separatçı rejimlərin mənsub olduğu ölkələrdən bu rejimlərin qeyri-qanuni hərəkətlərinə son qoymaq üçün ciddi addımlar atmağa çağırıb.
 
İdarə Heyəti son günlər Rusiya ilə Ukrayna arasında münasibətlərin gərginləşməsindən, Qara dəniz hövzəsində hərbi qarşıdurma meyillərinin getdikcə güclənməsindən ciddi narahat olduğunu bildirib və bu qarşıdurmanın təkcə region üçün deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyinə çevrildiyini diqqətə çatdırıb və beynəlxalq gücləri Rusiyanın militarist siyasətinə qarşı səylərini birləşdirməyə çağırıb.
 
İdarə Heyəti Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli  hərbi əməkdaşlııq istiqamətində Bakıda keçirdiyi görüşün nəticələrinə münasibət bildirib və Azərbaycanın NATO ilə əlaqələrinə vəsilə olan, bölgədə hərbi gücünün artmasına xidmət edən bu cür əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
İdarə Heyəti son vaxtlar Belarus respublikası ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa, iki tərəfli əlaqələrin inkişafına müsbət təsir edən münasibətlərin qurulmasını təqdir edib. Eyni zamanda hakimiyyəti Belarusla münasibətlərdə ölkəmizi,  Rusiyanın patronajlığı ilə yaradılan və saha çox MDB məkanına daxil olan ölkələri öz təsir dairəsində saxlamağa xidmət edən KTMT-na sürükləyən yaxınlaşmalardan uzaq durmağa çağırıb.
 
İdarə heyəti Bakı Dövlət Universitetinin sabiq rektoru A.Məhərrəmovun ətrafında baş verən olaylara bir daha münasibət bildirib və ayrı-ayrı məmurlar, xüsusilə şeyxülüslam A.Paşazadə tərəfindən onun günahsız olması ilə bağlı səslənən fikirlərin cəmiyyəti çaşdırmaq məqsədi daşıdığını qeyd edib. Dövri mətbuatda A.Məhərrəmovun öz vəzifəsindən sui istifadə edərək böyük sərvət toplaması, rüşvət və korrupsiya yolu ilə milyardlarla qanunsuz gəlir əldə etməsi, yaxın ətrafını yüksək postlara yerləşdirməsi barədə kifayət qədər materiallar yayılıb və yenidən onun müdafiəsinə qalxan insanlar onun və hazırkı iqtidarın digər kadrları  haqqında formalaşmış ictimai rəyi dəyişmək gücündə deyil.
 
İdarə Heyəti dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə münasibət bildirib və bu faktın ABŞ-ın neft istehsal edən bəzi ölkələrə, xüsusilə də İrana qarşı sanksiyaların sərtləşdirilməsi qərarına, bu qərarın neftin qiymətini bahalaşdıracağı səbəbindən dəstək verməyə tərəddüd edən Avropa dövlətlərini arxayın salmağa hesablandığını diqqətə çatdırıb. Belə ki, ABŞ bununla neftin qiymətinin nəinki qalxmayacağını, hətta hazırkı qiymətlərdən daha aşağı olacağını bildirmək istəyindədir. İdarə heyəti neftdən asılı iqtisadiyyata malik olan ölkə kimi Azərbaycan hökumətini bu faktı nəzərə alaraq iqtisadi siyasətində ciddi dəyişikliklər etməyə çağırıb.      
 
Muxalifet.az