“APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb – Vüsalə Mahirqızı

Baxış sayı:
3385

Holdinqə daxil olan saytalara giriş avqustun 1-dən məhdudlaşdırılıb Bu barədə holdinqin prezidenti Vüsalə Mahirqızı özünün “Facebook” səhifəsində yazıb. Bu il avqustun 1-də axşam saatlarından "APA Holdinq" MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra saytların internetdə girişi tam məhdudlaşdırılıb. Saytlar giriş məhdudlaşdırıldıqdan az öncə APA agentliyi bir təkzib yayıb. Orada bildirilir ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib. Təkzibdə vurğulanır ki, dövlət başçısının "Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq" sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq "Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik" kimi təqdim edilib. V.Mahirqızı saytlara giriş məhdudlaşdırldıqdan sonra holdinqin fəaliyyətini şirkətin özünün dayandırdığını bildirib. "Müəyyən problemlər yarandığına görə "APA Holdinq"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", o qeyd edib. “APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holdinq” təsis olunub. Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil idi. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyev olub.